BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan dili - Açıq dərslər” layihəsinin növbəti görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşün qonağı Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov olub.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında müasir dövrdə Azərbaycan dilinə təsir göstərən amillərdən və ana dilinin qorunmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan dilinin milli kimliyin, mədəni irsin və dövlətçilik ənənələrinin əsas göstəricilərindən biri olduğunu vurğulayaraq dilin saflığının qorunmasının və ondan düzgün istifadənin hər kəsin məsuliyyəti olduğunu bildirib.
Akademik Nizami Cəfərov Azərbaycan dilinin inkişaf xüsusiyyətləri, ədəbi dilin formalaşması, eləcə də bu prosesə təsir göstərən ictimai, mədəni və tarixi amillər barədə məlumat verib. O, dilin inkişafının cəmiyyətin düşüncə tərzi, elmi və mədəni həyatı ilə sıx bağlı olduğunu qeyd edib. Ədəbi dilin zənginləşməsində yazıçıların, şairlərin və jurnalistlərin roluna toxunan alim onların dilin ifadə imkanlarının genişlənməsinə, yeni söz və ifadələrin yayılmasına, dil normalarının formalaşmasına mühüm töhfə verdiklərini diqqətə çatdırıb. Akademik, həmçinin natiqlik sənətində mühüm yer tutan loqos, etos və pafos anlayışlarını izah edib. Bildirib ki, loqos fikrin məntiqi əsaslarla ifadəsini, etos natiqin etibarlılığını və mənəvi mövqeyini, pafos isə nitqin dinləyicilərə emosional təsirini ifadə edir. Bu anlayışların qarşılıqlı əlaqəsinin nitqin təsir gücünü artırdığını vurğulayan N.Cəfərov fikrin düzgün, əsaslandırılmış və inandırıcı şəkildə çatdırılmasının əhəmiyyətindən danışıb.
Görüşdə ədəbi dilin qorunması və inkişafının yalnız dilçi-alimlərin, yazıçıların və jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin məsuliyyəti olduğu qeyd edilib. Azərbaycan dilinin imkanlarından düzgün istifadə olunmasının, dil normalarına riayət edilməsinin və gənc nəslin ana dilinə həssas münasibətinin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Sonda tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.