Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY
Bakı, 16 oktyabr, AZƏRTAC
Ermənistanın Azərbaycana qarşı uzun illər davam etdirdiyi işğalçılıq siyasəti ölkəmizə böyük zərər vurub. Bu siyasət nəticəsində Azərbaycan xalqı ağır itkilər verib, mədəni irsimiz və tarixi abidələrimiz dağıdılıb, şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Bu proseslərə görə Ermənistanın münaqişə dövründə hakimiyyətdə olmuş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın məsuliyyəti məsələsi gündəmə gəlir. Ermənistan beynəlxalq hüququn normalarını pozaraq mülki əhaliyə qarşı ağır cinayətlər törədib, Xocalı soyqırımını həyata keçirib və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədib. Təəssüf ki, indiyədək nə Levon Ter-Petrosyan, nə Robert Köçəryan, nə də Serj Sarkisyan bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunub. Halbuki Nürnberq məhkəməsi və Serbiyanın sabiq prezidenti Slobodan Miloşeviçin mühakiməsi kimi presedentlər mövcuddur. Lakin Xocalı qətliamına və Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə görə məsuliyyət daşıdığı iddia edilən şəxslər indiyədək beynəlxalq tribunal qarşısında mühakimə olunmayıblar.
Mülki əhaliyə, o cümlədən uşaqlara qarşı törədilmiş ağır cinayətlər bəşəriyyətə qarşı yönəlmiş əməllərdir. Bu cinayətlərin etnik mənsubiyyət zəminində törədilməsi onların ağırlığını daha da artırır və beynəlxalq hüquq çərçivəsində araşdırılmasını zəruri edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin (İB) sədri Vüqar Əhmədov söyləyib.
Azərbaycanın dəfələrlə beynəlxalq qurumlardan bu şəxslərin cəzalandırılmasını tələb etməsinə baxmayaraq, Ermənistan tərəfinin sözügedən cinayətlərə görə heç kəsi mühakimə etmədiyini xatırladan V.Əhmədov deyib: “Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirib. Ermənistan hakimiyyəti 44 günlük müharibə zamanı da Gəncəyə və Bərdəyə qarşı terror hücumları həyata keçirən, Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq mülki əhalini hədəfə alan separatçıları və cinayətkarları himayə edib, onlara dəstək göstərib”.
QHT sədri qeyd edib ki, əgər Azərbaycan əsgərinin “Dəmir yumruğu” olmasaydı, Ermənistanın hazırkı hakimiyyəti bu cinayətkar əməllərini davam etdirəcəkdi. Əks mövqedə olan Ermənistan hakimiyyəti indiyədək Azərbaycana qarşı törədilmiş cinayətlərə görə üzr istəməli və kompensasiya ödəməli idi. Bütün bunlar azmış kimi, Ermənistan cəmiyyətində Qarabağda Azərbaycan xalqına qarşı cinayətlər törətmiş, separatizmə rəvac vermiş və buna görə Azərbaycan qanunları əsasında mühakimə olunan şəxslərin azadlığa buraxılması tələb edilir. Bütün bunlar göstərir ki, Ermənistanın həm əvvəlki, həm də hazırkı hakimiyyətində təmsil olunan şəxslər Azərbaycan xalqına qarşı törədilmiş ağır müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar. Onlar törətdikləri əməllərə görə qanun qarşısında cavab verməlidirlər.
“Bu məsələyə münasibətdə beynəlxalq ictimaiyyətin, daha dəqiq desək, Qərb təsisatlarının ikili standartlara yol verməsi də açıq şəkildə özünü göstərir. Çünki yaxın tariximizdə törədilmiş müharibə cinayətlərinə görə Ermənistan hakimiyyətlərinə qarşı heç bir sanksiya tətbiq edilməyib və beynəlxalq mühakimə prosesi həyata keçirilməyib”, - deyə İctimai Birliyin sədri vurğulayıb.