Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universitetinin təşkil etdiyi “Türk dillərində elmi-müqayisəli tədqiqat və metodologiya” mövzusunda beynəlxalq konfransda onlayn iştirak ediblər.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Konfransda institutun elmi işçisi Aygül Mirzəyeva
“Türk və qaqauz dillərində toponimlərin linqvokulturoloji xüsusiyyətləri” mövzusunda məruzəsində coğrafi adların formalaşmasına təsir göstərən dini inanclar, mifologiya, adət-ənənələr və dünyagörüşü amillərindən bəhs edib. O, türk və qaqauz dillərindəki toponimlərin müqayisəli-linqvokulturoloji təhlilinin xalqların ortaq mədəni köklərinin müəyyənləşdirilməsi və fərqli xüsusiyyətlərinin üzə çıxarılması baxımından əhəmiyyətini vurğulayıb. Məruzədə hər iki dildə toponimlərin yaranmasına təsir göstərən amillər təhlil edilib.
İnstitutun əməkdaşı Faidə Omarova “Qıpçaq qrupu türk dillərində kök sözlərin derivasion potensialı və valentlik xüsusiyyətləri” mövzusunda çıxış edib. Məruzədə qıpçaq qrupu türk dillərində söz yaradıcılığı prosesləri, kök sözlərin yeni sözlər yaratmaq imkanları və şəkilçilərin funksional xüsusiyyətləri nəzərdən keçirilib. Həmçinin valentlik anlayışının dilin müxtəlif səviyyələrində təzahürü izah olunub, xüsusilə tatar və qırğız dillərində -la/-lə, -lan/-lən, -lı/-li şəkilçilərinin sözyaratma imkanları nümunələr əsasında təhlil edilib. Bildirilib ki, bu şəkilçilər müxtəlif söz əsaslarına qoşularaq fərqli semantik çalarlı sözlər yaradır və türk dillərinin lüğət tərkibinin inkişafında mühüm rol oynayır.
Arzu Məmmədzadənin “Azərbaycan və özbək atalar sözlərində qadın və ailə dəyərlərinin əksi” mövzusunda məruzəsi iki xalqın şifahi xalq ədəbiyyatında qadın obrazının və ailə dəyərlərinin müqayisəli öyrənilməsinə həsr olunub. Məruzəçi Azərbaycan və özbək xalqlarının ortaq tarixi kökləri, mədəni ənənələri və dini dəyərləri kontekstində qadının cəmiyyətdəki rolunun, ailə münasibətlərinin atalar sözləri və məsəllərdə necə əks olunduğunu araşdırıb.
İnstitutun əməkdaşı Ülviyyə Eminova isə “Əbdülhaq Hamid Tarhan və Hüseyn Cavid dramlarında hökmdar obrazları” mövzusunda məruzə edib. O, hər iki dramaturqun əsərlərində hakimiyyət, ədalət və mənəvi məsuliyyət məsələlərinin bədii ifadəsindən bəhs edib. Qeyd olunub ki, Əbdülhaq Hamid Tarhanın “Eşber” və “Sardanapal”, Hüseyn Cavidin isə “Topal Teymur” və “Səyavuş” əsərlərində hökmdarların qərarları, xarakterləri və bu qərarların insan taleyinə təsiri ön plana çəkilir. Məruzədə hökmdarın böyüklüyünün yalnız onun qüdrəti ilə deyil, mənəvi dəyərləri və xalq qarşısında məsuliyyəti ilə də ölçüldüyü vurğulanıb.