Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Universitetində Maliyyə və mühasibat kafedrasının təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan elmi işlər üzrə prorektor Yusif Qasımov Azərbaycanın dövlət müstəqilliyinin bərpasına aparan tarixi yoldan və xalqımızın azadlıq uğrunda mübarizəsindən danışıb. O, 1918-ci il mayın 28-də elan edilmiş dövlət müstəqilliyinin 1991-ci il oktyabrın 18-də bərpasının Azərbaycan xalqının milli iradəsinin və azadlıq arzusunun təcəssümü olduğunu vurğulayıb.
Sonra Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi çıxış edərək Azərbaycanda milli oyanış prosesinin güclənməsindən, xalq hərəkatının genişlənməsindən və milli həmrəyliyin müstəqilliyin əldə olunmasındakı rolundan bəhs edib. O, xalqın birliyinin, iradəsinin və meydanlarda nümayiş etdirilən azadlıq əzminin müstəqilliyə aparan yolun mühüm amilləri olduğunu qeyd edib.
Daha sonra universitetin Siyasi və ictimai elmlər kafedrasının professoru Qabil Əliyevin məruzəsi dinlənilib. Professor Azərbaycanın zəngin dövlətçilik ənənələrindən və milli dövlətçilik düşüncəsinin formalaşmasından danışıb. O, milli dövlətçilik tarixinin öyrənilməsinin gənclərdə milli kimlik şüurunun, vətənpərvərlik hissinin və dövlətçilik dəyərlərinə bağlılığın formalaşmasında əhəmiyyətini vurğulayıb.
Tədbir Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.