“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub
Bakı, 16 oktyabr, AZƏRTAC
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Azərbaycan Mərkəzi Bankından (AMB) AZƏRTAC-a bildirilib ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, AMB-nin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul şəxsləri iştirak ediblər.
İclasda işçi qrupunun 2026-cı il üzrə təsdiq olunmuş fəaliyyət planının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair hesabatlar dinlənilib. Hesabatlar büdcə şəffaflığı, dövlət borcunun dayanıqlılığı, dövlətin tənzimləmə yükü, monetar azadlıq, qlobal innovasiyalar, inflyasiya, tənzimləmənin keyfiyyəti və investisiya mühiti üzrə göstəricilərin yaxşılaşdırılması, habelə təbii resursların səmərəli idarə olunması istiqamətləri üzrə işləri əhatə edib. Qeyd olunan istiqamətlər üzrə həyata keçirilə biləcək əlavə tədbirlərə dair təkliflər ətrafında müzakirələr aparılıb.
İclasda Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev İşçi qrupunun növbəti il üçün fəaliyyət planının hazırlanması zamanı nəzərə alınmalı amillər barədə fikirlərini bölüşüb.
İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın baş direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq fəaliyyət planı üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının ardıcıl şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.