Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir
Ağsu, 16 oktyabr, AZƏRTAC
Ağsu şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrin icrasına dair rayon müşavirəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müşavirədə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov YAP-ın VIII Qurultayının partiya həyatında, eləcə də ölkənin ictimai-siyasi inkişafında mühüm tarixi mərhələ olduğunu bildirib. O qeyd edib ki, qurultay təkcə görülmüş işlərin yekunlaşdırılması deyil, həm də Azərbaycanın növbəti illər üçün strateji inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. R.Bağırov Prezident İlham Əliyevin qurultaydakı nitqinin dövlətin gələcək inkişaf istiqamətlərini, iqtisadi, sosial və ideoloji sahələrdə qarşıda duran əsas vəzifələri aydın şəkildə müəyyənləşdirdiyini vurğulayıb. Dövlət başçısının irəli sürdüyü tapşırıq və tövsiyələrin hər bir partiya üzvü, eləcə də dövlət qurumlarının əməkdaşları üçün fəaliyyət proqramı olduğunu deyən icra başçısı bu vəzifələrin yerlərdə vaxtında və yüksək səviyyədə icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
R.Bağırov əldə olunmuş nailiyyətlərin qorunub gələcək nəsillərə ötürülməsinin, milli-mənəvi dəyərlərin yaşadılmasının, ideoloji işin daha da gücləndirilməsinin zəruriliyini xüsusi qeyd edib. O, müasir qloballaşma və informasiya müharibəsi şəraitində gənclərin zərərli informasiya təsirlərindən qorunmasının, onların milli ruhda, Vətənə sevgi və dövlətə sədaqət əhvali-ruhiyyəsində yetişdirilməsinin hər birimizin ümumi məsuliyyəti olduğunu bildirib.
Ağsu Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov çıxışında milli-mənəvi dəyərlərin qorunmasının cəmiyyətin sabitliyi və birliyi üçün həlledici rol oynadığını söyləyib. O, ailə institutunun, ağsaqqal nüfuzunun gənclərin tərbiyəsində əhəmiyyətini vurğulayıb, Ağsaqqallar Şurasının bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini və gənclərlə görüşlərin sayını artıracağını qeyd edib.
Rayon Təhsil sektorunun müdiri Ramin Mahmudov isə təhsil müəssisələrində dövlətçilik ənənələrinin və milli dəyərlərin təbliğinin daha sistemli şəkildə aparılmasının önəmini diqqətə çatdırıb. O bildirib ki, şagirdlərdə Azərbaycançılıq düşüncəsinin, tarixi yaddaşın və milli kimlik şüurunun formalaşdırılması təhsilin əsas vəzifələrindəndir. R.Mahmudov müasir dövrün tələblərinə uyğun olaraq şagirdlərin rəqəmsal savadlılığının artırılmasının, onların internet məkanında təhlükəsiz davranış qaydalarına yiyələnməsinin və yalan, zərərli məlumatları ayırd edə bilmə bacarığının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin məktəb və ailə əməkdaşlığının gücləndirilməsinin, valideynlərin uşaqların təhsil və tərbiyə prosesində daha fəal iştirakının önəmini qeyd edib.
Çıxışlarda informasiya məkanında yayılan zərərli ideoloji təsirlərə qarşı maarifləndirmə işinin gücləndirilməsinin, bu prosesdə ictimai qurumların, təhsil müəssisələrinin, media nümayəndələrinin və bütövlükdə cəmiyyətin fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.
Müxbir- Rəşad Rəşidov