Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO
Moskva, 16 oktyabr, AZƏRTAC
Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində keçirilən “3+3 platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” dəyirmi masanın mövzuları elektrik enerjisi ticarətinin perspektivləri və region ölkələri arasında enerji strategiyalarının əlaqələndirilməsi olub.
AZƏRTAC xəbər verir ki, iştirakçılar mövcud infrastrukturdan istifadə, regionda iqtisadi əlaqələrin inkişaf etdirilməsi və sabitliyin gücləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov etibarlı enerji təchizatı üçün mövcud boru kəmərlərindən səmərəli istifadənin və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, diqqəti Azərbaycanın Türkiyə və Gürcüstanla sıx enerji əlaqələrinə, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz tədarükünü təmin edən İranla svop müqaviləsinə çəkib.
E. Nəsirov ötən ilin dekabrında Ermənistana Azərbaycan benzini və dizel yanacağının tədarükünün başlanmasını enerji sektorundakı praktik əməkdaşlığın Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə necə töhfə verdiyinə dair nümunə kimi xarakterizə edib.
Rusiyanın enerji nazirinin müavini Roman Marşavin “3+3” regional platforması ölkələrinin enerji strategiyaları mübadiləsi aparmasını və uzunmüddətli perspektivdə - 2050-ci ilə qədər və ya daha sonra birgə sənaye inkişafı strategiyası hazırlamaq barədə düşünməyi təklif edib. O qeyd edib ki, qarşılıqlı dəstək artıq svop əməliyyatları, habelə elektrik enerjisi, neft məhsulları və qazın qarşılıqlı tədarükü vasitəsilə təmin edilir.
İranın neft nazirinin müavini və İran Milli Qaz Şirkətinin rəhbəri Səid Təvəkküli “3+3” platformasının yeni enerji gündəliyinin inkişafına töhfə verə biləcəyini vurğulayıb. O, mövcud boru kəmərlərindən daha səmərəli istifadənin, tədarükün mövsümiliyini nəzərə almağın və yeraltı anbarların birlikdə inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan qonşu ölkələrlə enerji əməkdaşlığının perspektivləri barədə danışıb. O, Azərbaycandan artıq təmin edilən yanacaq tədarükünü xatırladıb və gələcəkdə elektrik enerjisi nəqlinin də mümkün ola biləcəyini bildirib.
“Ermənistan qonşu ölkələrlə - İran və Gürcüstanla, uzunmüddətli perspektivdə isə Azərbaycanla enerji əməkdaşlığını inkişaf etdirmək niyyətindədir", - deyə E. Martirosyan qeyd edib.
Gürcüstanın “SIKHA Foundation” tədqiqat mərkəzinin təsisçisi və direktoru Arçil Sixarulidze bu ölkənin gələcəkdə platformaya qoşulma ehtimalını istisna etməyib.
Tədbir Rusiya Xarici İşlər Nazirliyi və Energetika Nazirliyi tərəfindən “Roskongress” Fondu və Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun dəstəyi ilə təşkil edilib.