Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Xankəndi şəhərində keçirilən Azərbaycan-Özbəkistan ali təhsil müəssisələrinin İkinci Rektorlar Forumu çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universiteti və Cizzax Politexnik İnstitutu arasında qarşılıqlı anlaşma memorandumları imzalanıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, sənədləri universitetin rektoru Yaqub Piriyev, Daşkənd Dövlət Nəqliyyat Universitetinin rektoru Abdulaziz Gulomov və Cizzax Politexnik İnstitutunun rektoru Alisher Usmankulov imzalayıblar. Memorandumlar ali təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsini, elmi-tədqiqat fəaliyyətinin inkişafını və innovasiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlığın əsas istiqamətlərinə professor-müəllim heyətinin, bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alanların akademik mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi konfrans və simpoziumların təşkili, eləcə də təlim və ömürboyu təhsil proqramlarının reallaşdırılması daxildir. Sənədlərdə elmi-metodik nəşrlərin mübadiləsi, ətraf mühitin idarə edilməsi sahəsində birgə tədbirlərin təşkili, tədris prosesində innovativ metodların tətbiqi və idarəetmə sahəsində təcrübə mübadiləsi də nəzərdə tutulub.
Memorandumların iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsinə, tələbə və müəllimlər üçün yeni akademik imkanların yaradılmasına, birgə elmi tədqiqatların aparılmasına, eləcə də mühəndislik, nəqliyyat və texnologiya sahələrində təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.