BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov çıxışında Azərbaycanın dövlət müstəqilliyinin bərpasını çoxəsrlik dövlətçilik tariximizin mühüm mərhələsi kimi səciyyələndirib. O, bu tarixi nailiyyətin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və öz müqəddəratını təyin etmək əzminin nəticəsi olduğunu vurğulayıb. Dekan müstəqilliyin qorunub saxlanılmasının, dövlətçilik ənənələrinin yaşadılmasının və gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsinin vacibliyini qeyd edib.
İbrahim Zeynalov bildirib ki, Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Həmin çətin dövrdə xalqın qətiyyət və iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdığını vurğulayan dekan 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkənin müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin daha da gücləndiyini, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğunu diqqətə çatdırıb.
Sonra Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Azərbaycan tarixi (Humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Azad Rzayev və Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran tarixi-siyasi proseslər, xalqımızın azadlıq və suverenlik uğrunda mübarizəsi, milli dövlətçilik ideyalarının formalaşması və inkişafı məsələləri diqqətə çatdırılıb. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin Azərbaycanın dövlət müstəqilliyinin hüquqi əsasını təşkil etdiyi və xalqımızın azadlıq arzusunun gerçəkləşməsində mühüm rol oynadığı vurğulanıb.
Tədbirdə müstəqillik dövründə Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlər, dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də danışılıb. Müstəqilliyin milli yaddaşın qorunması, dövlətçilik şüurunun gücləndirilməsi və gənclərin ölkə tarixini dərindən öyrənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tədbir bədii hissə ilə davam edib. Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.