Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir
Xızı, 16 oktyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadi və hərbi qüdrətinin artırılmasına, ərazi bütövlüyünün və suverenliyinin bərpasına, beynəlxalq mövqelərinin güclənməsinə imkan yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xızı rayonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.
Xızıdakı Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə dövlət başçısının nitqində irəli sürülən strateji hədəflər, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və zərərli ideoloji təsirlərə qarşı mübarizə məsələləri müzakirə olunub.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin siyasi və strateji əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi hədəflərin həyata keçirilməsi, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətdə həmrəyliyin gücləndirilməsi mühüm vəzifələrdəndir. İcra başçısı gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsinin, onların zərərli ideoloji təsirlərdən qorunmasının və maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Fərrux Haqverdiyev çıxışında dövlətçilik ənənələrinin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ağsaqqalların rolundan danışıb. O, cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsinin, gənclərə milli dəyərlərin aşılanmasının və dövlətçilik prinsiplərinin təbliğinin önəmini diqqətə çatdırıb.
Əməkdar müəllim Svetlana Rüstəmova, rayon ziyalısı Arif Nağıyev, Xızı rayonu Yeni Yaşma kənd tam orta ümumtəhsil məktəbinin direktoru Tural Fərəcov, Xızı şəhər Rafiq İsmayılov adına tam orta ümumtəhsil məktəbinin direktor müavini Zaur Zeynallı, Xızı Peşə Məktəbinin direktor əvəzi İlahə Abbaslı və Xızı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-oftalmoloqu Elnarə Cümşüdlü çıxışlarında dövlətçilik ənənələrinin yaşadılması, milli-mənəvi dəyərlərin qorunması və təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil və maarifləndirmə işinin gücləndirilməsi məsələlərinə toxunublar.
Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində təhsil müəssisələrinin, ictimaiyyət nümayəndələrinin və müxtəlif sahələrdə çalışan mütəxəssislərin üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb.
Müxbir – Elxan Yusifli