“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da 1997-ci il aprelin 10-da “Xocavənd əməliyyatı” zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan “N” hərbi hissəsisnin kəşfiyyat qrupunun üzvlərinin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əfsanəvi kəşfiyyat qrupunun üzvləri – leytenantlar Elxan Ataxan oğlu Ağayev və Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar Anar Üzeyir oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Aqşin Əli oğlu Həsənov, Nizami Səfi oğlu Ələkbərov və Fariz Şamil oğlu Cavadovun xatirəsinə həsr olunan tədbirdə iştirakçılar Hərbi Memorial Məzarlığı ziyarət edib, şəhid kəşfiyyatçıların məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edənlər kəşfiyyat qrupunun üzvlərinin göstərdikləri misilsiz qəhrəmanlıqdan, Vətənə sədaqətlərindən və döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdikləri fədakarlıqdan danışıblar. Qeyd olunub ki, düşmənin mühasirəsində son mərmiyə qədər döyüşən, əsir düşməmək üçün həyatlarını qurban verən kəşfiyyatçıların şücaəti Azərbaycanın hərb tarixində xüsusi yer tutur. Onların döyüş yolu bu gün də gənc hərbçilər üçün cəsarət, iradə və Vətənə bağlılıq nümunəsidir.
Çıxışlarda şəhidlərin xatirəsinin yaşadılmasının, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, şəhidlərin ailələri və döyüş yoldaşları illərdir onların əziz xatirəsini yaşadır, hər il şəhid olduqları və dəfn edildikləri günlərdə bir araya gələrək məzarlarını ziyarət edirlər. İşğaldan azad olunmuş ərazilərdə də şəhidlərin döyüş yolunun izlərinin qorunub saxlanılması və xatirələrinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edilib ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması şəhidlərin uğrunda canlarından keçdikləri müqəddəs amalın gerçəkləşməsidir. Onların qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq, Vətən uğrunda fədakarlığın parlaq nümunəsi kimi xatırlanacaq.
Polkovnik Xətai Baxışov: Onlar son mərmiyə qədər döyüşüblər
Ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Xətai Baxışov bildirib ki, 1997-ci ildə xüsusi təyinatlı qrup qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün Xocavənd rayonunda düşmənin arxasına keçib. Tapşırığı icra etdikdən sonra düşmən tərəfindən aşkar olunan hərbçilər üç gün, üç gecə mühasirədən çıxmağa çalışıblar. Lakin yenidən mühasirəyə düşərək, son mərmiyə qədər döyüşüblər.
O qeyd edib ki, həmin döyüşləri komandir kimi izləyib, kəşfiyyatçıların düşmənə ciddi itkilər verdiyinin və onların hərbi texnikasına zərər vurduğunun şahidi olub.
Xətai Baxışovun sözlərinə görə, sursatları tükəndikdən sonra əsir düşməmək üçün qrup üzvləri özlərini partlatmaq qərarına gəliblər: “Bu, dünyada analoqu olmayan bir hadisə idi. Yeddi nəfər şəhid olub. Kəşfiyyatçılardan Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Ermənilər şəhidlərimizin bu şücaətini öz əsgərlərinə nümunə göstərmək üçün Cəbrayılın Daşkəsən kəndində yerləşən hərbi hissələrinin yaxınlığındakı təpədə dəfn ediblər”.
O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev şəhid kəşfiyyatçıların qəhrəmanlığını yüksək qiymətləndirərək, onları ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.
Xətai Baxışov bildirib ki, şəhidlərin nəşləri altı aydan sonra erməni nəşləri ilə dəyişdirilərək ailələrinə təhvil verilib. Qəhrəmanların nəşləri 1997-ci il oktyabrın 16-da Hərbi Memorial Məzarlıqda adlarına layiq şəkildə torpağa tapşırılıb. Ermənilərin qondarma məhkəməsinin ölüm hökmü verdiyi Aqil Əhmədov isə üç erməni ilə dəyişdirilərək 1 il 11 aydan sonra - 1999-cu il martın 10-da əsirlikdən azad edilib: “Onlara “Məşhur qəhrəman 7-lər” deyirlər. Biz Aqili də onlardan ayırmırıq. O, yaşayan şəhid və birinci qrup Qarabağ əlilidir. Aqil hələ də həmin əməliyyatın yadigarı olan qəlpəni üzərində gəzdirir”.
Polkovnik qeyd edib ki, şəhidlərin xatirəsi ildə iki dəfə – aprelin 10-da və oktyabrın 16-da yad edilir. Torpaqlarımız işğaldan azad edildikdən sonra şəhid ailələri və döyüş yoldaşları onların Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında – Füzuli rayonunun Yuxarı Güzlək kəndi ərazisində özlərini partlatdıqları yeri də ziyarət ediblər. Orada bulaq tikilib və xatirə lövhəsi quraşdırılıb, hər il həmin yerə ziyarətlər təşkil olunur.
Elza Yarəhmədova: Vüqar əsgərlərinin hər şeylə təmin olunmasını istəyirdi
Şəhid leytenant Vüqar Yarəhmədovun anası Elza Yarəhmədova oğlunun uşaqlıq və gənclik illərindən, hərbçi peşəsinə olan sevgisindən danışıb.
O bildirib ki, Vüqar səmimi, mehriban və ünsiyyətcil uşaq olub. Ailəsi ilə bir müddət Türkmənistanda yaşayıb, 1988-ci ildə Azərbaycana qayıtdıqdan sonra Vüqar təhsilini Bakıdakı 59 nömrəli orta məktəbdə davam etdirib. O, uşaqlıqdan zabit olmaq istədiyini deyirmiş: “Burada babasının – yəni mənim atamın da rolu olub. O, İkinci Dünya müharibəsində - 1941-1945-ci illərdə kəşfiyyatçı kimi döyüşüb”.
Anasının sözlərinə görə, indiki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan Vüqar ikinci kursdan təhsilini Rusiyanın Ryazan şəhərində davam etdirmək şansı qazanan 30 nəfərdən biri olub. 1996-cı ilin avqustunda Azərbaycana qayıdaraq, xüsusi təyinatlı hərbi hissədlərdən birində xidmətini davam etdirib.
“Mənə cəbhə bölgəsinə getdiyini demirdi, Şamaxıya getdiyini, orada gecə uçuşları və paraşütlə tullanma təlimləri keçdiklərini söyləyirdi. Həmişə məndən əsgərləri üçün çoxlu suxari hazırlamağımı və başqa ərzaqlar, əşyalar verməyimi istəyirdi. Atasına da deyirdi ki, əsgərlərin diş fırçasından tutmuş digər zəruri ləvazimatlarına qədər hər şeyi olmalıdır. Mənim əsgərlərim təmin olunmalıdırlar”, – deyə ana xatırlayıb.
Elza Yarəhmədova qeyd edib ki, oğlunun cəbhə bölgəsindəki əməliyyatlarda iştirak etdiyini sonradan öyrənib: “Onu sonuncu dəfə 1997-ci il martın 30-da gördük. Tabeliyində olan əsgərlərə xeyli bayram şirniyyatı apardı. Mən aprelin 10-da cərrahi əməliyyat keçirdim. Xəstəxana palatasında yeganə oğlumdan soraq gözləyirdim. Vüqardan səs çıxmaması məni narahat edirdi. Çünki o, mənim əməliyyatda olduğumu bilirdi. Xarakterinə bələd idim, o, laqeyd övlad deyildi. Vüqarı axtaranda bizə onun təlimdə olduğunu dedilər. Sən demə, mən əməliyyatda olanda oğlum özünü partladaraq şəhid olubmuş...”
Vüqarın aprelin 10-da baş verən döyüşlərdə şəhid olması barədə ailəsinə dərhal məlumat verilməyib. Bir müddət oğlunun taleyindən xəbər gözləyən ana onun əsir düşə biləcəyi ilə bağlı məlumatlar əsasında axtarışlarını davam etdirib.
O, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə təqdim olunan fotoşəkillərdən oğlunu tanıdığını, onun şəhid olması xəbərini dəqiqləşdirdiyini bildirib. Sonradan Aqil Əhmədovun əsirlikdən qayıtması ailəyə döyüşdə baş verənləri öyrənmək imkanı verib.
Şəhid anası oğlunun döyüşərək şəhadətə ucaldığı əraziyə səfərini də kövrəkliklə xatırlayıb. Bildirib ki, həmin torpaqlara ayaq basmaq onun üçün çox ağır olub: “Ayağımı haraya qoyacağımı, haraya addım atacağımı bilmədim. Elə bildim, onların ruhunu incidəcəyəm”.
Aqil Əhmədov: Onların qəhrəmanlığı ordumuz üçün örnəyə çevrildi
Əməliyyatdan sağ çıxan, kəşfiyyat qrupunun baş çavuşu Aqil Əhmədov 29 ildir ki, döyüş yoldaşlarının anım tədbirlərində iştirak etdiyini təəssüflə qeyd edib.
O vurğulayıb ki, döyüş yoldaşlarının qəhrəmanlığı Azərbaycan Ordusunda xidmət edən hərbçilər üçün bir məktəb, örnək olub.
Aqil Əhmədov torpaqlarımızın işğaldan azad olunmasının şəhidlərin ruhunu şad etdiyini bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib.