Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
Bakı, 16 oktyabr AZƏRTAC
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) rolu həmişə strateji əhəmiyyət kəsb edib. Bu marşrut ənənəvi cənub dəniz yoluna və Rusiya vasitəsilə Çin ilə Avropa arasında quru nəqliyyat marşrutlarına alternativ təklif edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanın Nəqliyyat Nazirliyinin dəmir yolu və su nəqliyyatı komitəsinin sədri Nurcan Kelbuqanov Astanada keçirilən “New Silk Way” VIII Beynəlxalq nəqliyyat və logistika sərgisində deyib.
Onun sözlərinə görə, sanksiyalar və qlobal logistikadakı dəyişikliklər alternativ marşrutların və şaxələndirmənin vacibliyini nümayiş etdirib.
“Beşi dəmir yolu dəhlizi olmaqla 13 beynəlxalq nəqliyyat dəhlizi Qazaxıstandan keçir. Onlar sırasında TBNM əhəmiyyətlidir. Bu marşrut yük daşımaları üçün daha qısa və daha ucuzdur. TBNM müasir, rəqəmsal, multimodal bir marşruta çevrilməlidir. Bu, həmçinin ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq edəcək və regional inteqrasiyanı gücləndirəcək. Yüklərə gəldikdə, bu gün Şərqdən Qərbə və əks istiqamətə daşınan yük həcmlərinin 80 faizi TBNM ilə Qazaxıstandan keçir. Üstəlik, bu rəqəm durmadan artır. Hazırda əsas vəzifəmiz bu həcmlərin emalını və xidmətini təmin etməkdir. Əgər mövcud 80 faiz tranzit nisbətini saxlasaq, bu, yaxşı göstərici olacaq”, - deyə vurğulayıb.