Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər
Bakı, 15 oktyabr, AZƏRTAC
Kamboca Krallığının Baş naziri Hun Manetin bir neçə gün əvvəl Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. Siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, iqtisadiyyat, turizm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsi, eləcə də iki ölkə xalqlarının bir-biri haqqında məlumatlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Kambocada yaşayan azərbaycanlılar və onların yerli cəmiyyətlə əlaqələri bu prosesdə mühüm rol oynaya bilər.
AZƏRTAC-ın müxbiri Kambocada yaşayan Azərbaycan diasporunun nümayəndəsi İlkin Əliyevlə söhbət edib. O, Asiyanın bu ölkəsindəki həyat və fəaliyyəti, iki dövlət arasında tarixi əlaqələr və ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb.
Agentliyin həmsöhbəti 2019-cu ildə Kambocaya gəlib və hazırda “International School” beynəlxalq məktəbində iqtisadiyyat fənnini tədris edir.
– Kambocalılar Azərbaycan mədəniyyəti ilə tanışdırlarmı?
– Təxminən dörd il əvvəl diasporumuzun azsaylı nümayəndələri ilə ünsiyyət qurmağa və ölkəmizin mədəni müxtəlifliyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə başladım. Yerli məktəblilərin ifasında Azərbaycan mahnıları səsləndirilir, milli rəqslərimiz nümayiş etdirilir, ölkəmizə həsr olunmuş sərgilər hazırlanırdı.
Bu tədbirlərdə diaspor nümayəndələrinin təqdim etdiyi suvenirlərdən, milli geyimlərdən və digər əşyalardan istifadə olunurdu. Bundan başqa, Azərbaycan rəqslərini ifa edən məktəblilər üçün yerli dərziyə milli geyimlər sifariş edilirdi.
Kambocada bir neçə həmvətənimiz yaşasa da, azərbaycanlıları birləşdirən hər hansı təşkilat yoxdur. Bununla belə, diasporun fəaliyyətində iştirakdan asılı olmayaraq, ətrafımdakı insanları Azərbaycan, onun mədəniyyəti və dəyərləri ilə tanış etməyə həmişə çalışmışam və bundan sonra da bu istiqamətdə fəaliyyətimi davam etdirmək niyyətindəyəm.
– Sizcə, Kambocada ölkəmizə marağı necə artırmaq olar?
– Azərbaycana marağın artmasına tarixən formalaşmış təhsil əlaqələri, mədəniyyət və şəxsi təmaslar təsir göstərə bilər. Müşahidələrimə görə, Kambocada yaşayanların çoxu Azərbaycan haqqında, ilk növbədə İkinci Qarabağ müharibəsi və “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasındakı oyunları sayəsində məlumatlıdır.
Ölkəmizi daha yaxından tanıtmaq üçün məktəblərdə, universitetlərdə və iş yerlərində Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı haqqında məlumat vermək, Novruz adət-ənənələrinə və milli mətbəximizə həsr olunmuş tədbirlər keçirmək, eləcə də kxmer və ingilis dillərində qısa məlumat materialları hazırlamaq olar.
– Sovet dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Bu, müasir əlaqələrin inkişafına necə töhfə verə bilər?
– Təhsil əlaqələri dəyərli insan resursudur. Məzunların xatirələri, dostluq münasibətləri və peşəkar təcrübələri ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə kömək edə bilər.
Keçmiş tələbələrin Azərbaycanla əlaqələrini qoruyub-saxlamasından və ikitərəfli təmasların inkişafında iştirak etməsindən çox şey asılıdır. Mümkün istiqamətlərdən biri məzunlar şəbəkəsinin yaradılması, tələbələrlə görüşlərin təşkili və məzunların öz təcrübələrini bölüşdükləri video formatında müsahibələrin hazırlanması ola bilər.
– Azərbaycan və Kamboca hansı sahələrdə iqtisadi əməkdaşlığı genişləndirə bilər?
– Hər iki tərəfin maraqlarına cavab verən kiçik, praktik layihələrdən başlamaq olar. Məsələn, kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükü sahələrində müəyyən perspektivlər var.
Energetika sahəsində peşəkar bilik və təcrübə mübadiləsi faydalı ola bilər. Turizm sahəsində isə hər iki ölkənin imkanları haqqında daha fəal məlumat vermək, turizm şirkətləri arasında əlaqələr qurmaq və bu sektorun qarşılıqlı təşviqinə dəstək göstərmək vacibdir.
Əməkdaşlığın inkişafı üçün biznes nümayəndələri arasında birbaşa əlaqələrin qurulması, eləcə də qarşılıqlı işgüzar səfərlərin təşkili zəruridir.
– Orta Dəhliz Azərbaycanla Kamboca arasında əməkdaşlığın əlavə istiqamətinə çevrilə bilərmi?
– Nəqliyyat-logistika sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirmək lazımdır. Xüsusilə, Kamboca məhsullarının Azərbaycan üzərindən digər bazarlara daşınması perspektivlərini araşdırmaq, bunun üçün əvvəlcə xərcləri, müddətləri və praktiki baxımdan nə dərəcədə məqsədəuyğun olduğunu qiymətləndirmək olar.
Bunun üçün logistika şirkətləri arasında əlaqələr qurmaq, sınaq məqsədli tədarüklərin imkanlarını nəzərdən keçirmək, elektron sənəd dövriyyəsi və yüklərin izlənməsi sahəsində təcrübə mübadiləsi aparmaq vacibdir.
Bundan başqa, elektron vizaların alınması imkanlarının genişləndirilməsi də daxil olmaqla viza prosedurlarının sadələşdirilməsi Kamboca vətəndaşlarının Azərbaycana marağını artıra və turizm əlaqələrinin inkişafına töhfə verə bilər.
– Diaspor nümayəndələri iki ölkə arasında münasibətlərin inkişafına sistemli şəkildə necə töhfə verə bilərlər?
– Bu istiqamətdə işi uzunmüddətli əsasda qurmaq vacibdir. İllik fəaliyyət planları hazırlamaq, əlaqələr şəbəkəsini genişləndirmək, Azərbaycanda təhsil almış kambocalılarla əlaqələri bərpa etmək və gəncləri ölkəmizdə təhsil imkanları ilə tanış etmək lazımdır.
Bir müəllim kimi, məktəblər və gənclər icmaları arasında əlaqələrin inkişafını, birgə layihələrin, onlayn görüşlərin və mədəniyyət təqdimatlarının təşkilini perspektivli yanaşma hesab edirəm. Bu cür təşəbbüslər qarşılıqlı marağı tədricən gücləndirə və gələcək əməkdaşlıq üçün zəmin yarada bilər.
Müxbir – Lalə Minasazova