Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
Bakı, 16 oktyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.