Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir
Bakı, 16 oktyabr, AZƏRTAC
Hörmüz boğazı vasitəsilə dəniz daşımalarında fasilələrin davam etməsi və istilik mövsümü ərəfəsində tədarük perspektivlərinə dair narahatlıqların artması fonunda Avropada təbii qazın qiyməti artaraq 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, Niderlandın TTF habında noyabr ayı üzrə fyuçers müqavilələrinin qiyməti meqavat-saat üçün 88,1 avroya yüksəlib. Beləliklə, Avropada təbii qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək həddə çatıb.
Hörmüz boğazında tankerlərə hücumların artması və regionda gərginliyin yüksəlməsi mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib.
Avropanın qaz ehtiyatları son beş ilin orta göstəricisindən aşağıdır. “Gas Infrastructure Europe” təşkilatının məlumatına görə, Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 74,1 faiz təşkil edir. Ötən ilin eyni dövründə bu göstərici 83,04 faiz olub.
Ekspertlərin fikrincə, Avropa istilik mövsümünə aşağı qaz ehtiyatları ilə daxil olur. Körfəz regionundan mayeləşdirilmiş təbii qaz tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 80 faiz azalıb. Neft daşımalarında qismən bərpa müşahidə olunsa da, LNG tədarükündə oxşar yaxşılaşmanın qeydə alınmayıb. Körfəzdın LNG tədarükü Şimal yarımkürəsində qış mövsümünün əhəmiyyətli hissəsi ərzində qlobal bazarlara məhdud həcmdə çata bilər. Avropada təbii qaz ehtiyatlarının son beş ilin orta göstəricisindən aşağı olması da qiymət artımını dəstəkləyir.
Hörmüz boğazında dəniz daşımalarında yaranan fasilələr Avropanın təbii qaz ehtiyatlarını bərpa etməsini çətinləşdirir. Eyni zamanda, Yaxın Şərq mənşəli LNG tədarükünün azalması qlobal bazarda təklifin məhdudlaşmasını dərinləşdirir.
Analitiklərə görə, qış mövsümündə Asiya və Avropa ölkələri mövcud LNG yükləri uğrunda rəqabəti davam etdirəcək. Qaz ehtiyatlarının aşağı səviyyədə olması Avropanı yeni tədarük fasilələri və soyuq hava şəraiti fonunda qiymətlərin kəskin artmasına qarşı həssas vəziyyətdə saxlayır.
“ING” bankı Avropada etalon hesab edilən TTF qazının 2026-2027-ci illərin qış mövsümündə orta qiymətinin meqavat-saat üçün 73 avro olacağını proqnozlaşdırır. Bank əvvəlki proqnozunda bu göstəricini 65 avro səviyyəsində qiymətləndirmişdi.
Bankın qiymətləndirməsinə görə, Körfəzdən tədarükün normallaşması və ABŞ-nin LNG ixracı imkanlarının genişlənməsi nəticəsində 2027-ci ilin ikinci rübündən etibarən təbii qazın qiymətində nəzərəçarpacaq azalma baş verə bilər.