Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında Kənd Təsərrüfatı Sistemləri və Kənd İnkişafı üzrə “100 Qadın Qəhrəmanı”n mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təşəbbüs FAO tərəfindən 2026-cı il Beynəlxalq Qadın Fermer İlini qeyd etmək üçün irəli sürülüb. Tədbir, həmçinin hər il oktyabrın 15-də qeyd olunan Beynəlxalq Kənd Qadınları Günü ilə eyni vaxta təsadüf edir. Bu gün kənd qadınlarının kənd təsərrüfatının və kənd yerlərinin inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və yoxsulluğun aradan qaldırılmasında mühüm rolunu və töhfəsini qeyd etmək məqsədi daşıyır.
Təqdimat mərasimini açan Baş direktor Qu Dongyu təltif olunan qadınlara təşəkkürünü bildirib və onların biomüxtəlifliyin qorunması, innovasiyanın inkişaf etdirilməsi, biliklərin paylaşılması və aclığa, yoxsulluğa və iqlim dəyişikliyinə qarşı dayanıqlığın gücləndirilməsində əvəzolunmaz töhfələrini vurğulayıb.
131 ölkədən 609 nominasiya arasında seçilən 100 Qadın Qəhrəmanlardan biri də Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərovadır.
O, bu mükafata Azərbaycanda xanım fermerlərin bizneslərini gücləndirmək, bazara çıxışlarını yaxşılaşdırmaq və daha dayanıqlı dolanışıq vasitələri yaratmaq üçün 780-dən çox kənd qadın qida istehsalçısından ibarət şəbəkəni dəstəklədiyinə görə layiq görülüb.