BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
Bu gün dünyanın bir sıra regionlarında baş verən münaqişələr nəticəsində minlərlə insan həlak olur, milyonlarla insan qaçqın və məcburi köçkünə çevrilir. Dövlətlər və xalqlar böyük əziyyət çəkir. Bununla yanaşı, münaqişələr nəticəsində yaranan bəzi ərazilər həm dövlətlərin, həm də beynəlxalq təşkilatların nəzarətindən kənarda qalır. Belə ərazilərdə beynəlxalq terrorçuluq tədricən inkişaf edir və dünya sabitliyinə ciddi təhdidlər yaradır. Əfqanıstan, Suriya, Somali və bir sıra digər ölkələri buna nümunə göstərmək olar.
BMT-də təmsil olunan dövlətlər, xüsusilə böyük dövlətlər, bir çox hallarda milli maraqlarını beynəlxalq məsələlərdən üstün tutur. Bu isə təşkilat daxilində münaqişələrlə bağlı vahid mövqenin formalaşmasına mane olur. Bəzi hallarda böyük dövlətlər BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinə məhəl qoymur. Eyni zamanda, milli maraqlarına zidd hesab etdikləri hallarla qarşılaşdıqda, BMT-yə müraciət etmədən birbaşa hərbi və ya siyasi addımlar atır.
AZƏRTAC xəbər verir ki, buna nümunə olaraq 1991-ci ildə İraqa qarşı həyata keçirilən hərbi əməliyyatları göstərmək olar. İraq 1990-cı ildə Küveyti işğal etdikdən sonra ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya hərbi əməliyyata hazırlaşdı. Məsələ BMT-də müzakirəyə çıxarıldı və Təhlükəsizlik Şurası 678 saylı qətnaməni qəbul etdi. Bu qətnaməyə əsasən, beynəlxalq koalisiyanın İraq qüvvələrini Küveytdən çıxarmaq üçün güc tətbiq etməsinə icazə verildi. Nəticədə, 1991-ci ildə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Küveyt işğaldan azad edildi.
Bu geosiyasi prosesin baş verməsində enerji amili də mühüm rol oynayırdı. Zəngin neft ehtiyatlarına malik olan Küveyt dünya enerji bazarında, o cümlədən ABŞ-nin enerji təminatında əhəmiyyətli yer tuturdu. Küveytin İraq tərəfindən işğalı regionda qüvvələr nisbətini dəyişməklə yanaşı, enerji təchizatı və ABŞ-nin strateji maraqları baxımından da ciddi narahatlıq yaradırdı.
Lakin BMT Təhlükəsizlik Şurası bütün münaqişələrə eyni operativliklə reaksiya vermir. Məsələn, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar BMT TŞ 1993-cü ildə 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Həmin sənədlərdə hərbi əməliyyatların dayandırılması, işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması və münaqişənin sülh yolu ilə həlli ilə bağlı tələblər əksini tapmışdı. Lakin bu qətnamələrin tələbləri uzun müddət yerinə yetirilmədi.
Belə bir sual yaranır: ABŞ-nin maraqlarına uyğun gələn qətnamələrin icrası üçün qısa müddətdə hərbi və siyasi mexanizmlər işə salındığı halda, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrin icrası niyə illərlə təmin olunmadı?
Bu suala cavab verərkən beynəlxalq münasibətlər sistemində güc amilinin rolunu nəzərə almaq lazımdır. Hər iki halda dövlətlərin öz maraqlarını təmin etmək imkanları, siyasi iradələri və hərbi potensialları mühüm əhəmiyyət daşıyırdı. Bu müqayisə onu göstərir ki, beynəlxalq qərarların icrası təkcə onların hüquqi qüvvəsindən deyil, həm də həmin qərarların həyata keçirilməsi üçün mövcud olan siyasi iradədən və mexanizmlərdən asılıdır.
Bu faktlar beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qəbul etdiyi qərar və qətnamələrin icrası mexanizmlərinin səmərəliliyi ilə bağlı ciddi suallar yaradır. Qətnamələrin icrasını təmin edən təsirli mexanizmlər olmadıqda, qəbul edilən qərarlar kağız üzərində qalmaq təhlükəsi ilə üzləşir.
Azərbaycan Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə toxunaraq deyib: “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.
Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, beynəlxalq münasibətlərdə güc amili hələ də mühüm rol oynayır. “Güclüsənsə, haqlısan” prinsipi tarix boyu müxtəlif formalarda özünü göstərib və bu gün də beynəlxalq siyasətdə təsirini qoruyub saxlayır. Belə bir yanaşma isə BMT kimi beynəlxalq təşkilatların münaqişələrin qarşısını almaq və onları həll etmək imkanlarını məhdudlaşdırır.
BMT-nin mövcud strukturu və qərarların qəbul edilməsi mexanizmi də bu sahədə müəyyən problemlər yaradır. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya. Bu dövlətlərin hər biri mahiyyət üzrə qərarların qəbuluna veto qoymaq hüququna malikdir. Daimi üzvlər veto hüququndan istifadə etməklə öz maraqlarına uyğun olmayan qətnamələrin qəbuluna mane ola bilirlər. Nəticədə, beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdə vahid mövqeyin formalaşması çətinləşir.
BMT-nin müstəqil, daimi ordusu yoxdur və təşkilat dünya hökuməti funksiyasını yerinə yetirmir. Sülhməramlı qüvvələr, adətən, üzv dövlətlərin təqdim etdiyi hərbi və mülki heyət hesabına formalaşdırılır. Onların fəaliyyəti müvafiq mandatla müəyyən olunur və bu qüvvələrin səlahiyyətləri missiyanın xarakterindən asılıdır.
Bununla belə, qeyd olunan problemlər BMT-nin əhəmiyyətsiz bir qurum olduğu qənaətinə gəlməyə əsas vermir. Təşkilatın humanitar fəaliyyəti, təbii fəlakətlər və texnogen qəzalar zamanı zərərçəkənlərə yardım göstərilməsi, qaçqın və məcburi köçkünlərin müdafiəsi, eləcə də münaqişələrdən əziyyət çəkən əhaliyə dəstək verilməsi mühüm əhəmiyyət daşıyır. BMT-nin müvafiq strukturları bu istiqamətlərdə mühüm işlər həyata keçirirlər.
Deməli, BMT beynəlxalq münasibətlər sistemində zəruri rol oynayan qurumdur. Bununla yanaşı, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, islahatların aparılması və strukturunun müasir dövrün tələblərinə uyğunlaşdırılması zəruridir. Xüsusilə, Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edən daha səmərəli mexanizmlərin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin səsləndirdiyi fikir də məhz bu zərurətə diqqət çəkir: beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün yalnız qərarların qəbul edilməsi kifayət deyil. Həmin qərarların icrasını təmin edən təsirli mexanizmlər də mövcud olmalıdır. Əks halda, beynəlxalq hüququn prinsipləri ilə onların praktikada tətbiqi arasında ziddiyyət qalacaq, münaqişələrin qarşısının alınması və davamlı sülhün təmin edilməsi isə daha da çətinləşəcək.