“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mustafayevin 100 illik yubileyinə həsr edilmiş “Vaqif” operası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, ikipərdəli, beşşəkilli opera Xalq şairi Səməd Vurğunun eyniadlı dramı əsasında Firudin Mehdiyevin librettosu ilə səhnələşdirilib.
Operanın təqdimatından əvvəl çıxış edən Milli Məclis sədrinin müavini Rafael Hüseynov bəstəkar Ramiz Mustafayevin Azərbaycan musiqi tarixindəki xüsusi rolundan və zəngin yaradıcılıq irsindən danışıb. O, Ramiz Mustafayevin 100 illik yubileyi münasibətilə məhz bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın “Vaqif” operasının səhnəyə qoyulmasının mərhum sənətkarın xatirəsinə dərin ehtiramın və onun sənət irsinə verilən yüksək qiymətin ifadəsi olduğunu vurğulayıb.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, rəqslərin quruluşçusu isə Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə olub.
Tamaşada Vaqif obrazını Əməkdar artist Ramil Qasımov, Xuraman obrazını ilk dəfə Fatimə Cəfərzadə, Qacar obrazını ilk dəfə Taleh Yəhyayev, Vidadi obrazını Xalq artisti Əkrəm Poladov, İbrahim xan obrazını ilk dəfə Mahir Tağızadə, Əlibəy obrazını Əməkdar artist Tural Ağasıyev, Gülnar obrazını Gül¬nər Həmzəyeva, Qarı obrazını Əməkdar artist Gülüstan Əliyeva, Şeyx Əli obrazını Nəzər Bəylərov, Eldar obrazını Əməkdar artist Cahangir Qurbanov, Vəzir obrazını isə ilk dəfə Rəhman Əzizli canlandırıblar.
Xanəndə oğlan obrazlarını Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov ifa ediblər. Xanəndələri tardа Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.
Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş tamaşa bəstəkarın zəngin yaradıcılıq irsinə ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan milli opera sənətinin dəyərli nümunələrindən birinin səhnə həyatına diqqəti bir daha cəlb edib.