Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
İstanbul, 17 oktyabr, AZƏRTAC
Bəzi əsərlər ekranda başlayır, insanın daxilində davam edir. Qarabağ haqqında danışarkən mənim üçün hər şey insandan başlayır: doğma yurd həsrətindən, yarımçıq qalan ömürlərdən, şəhid analarının gözləntilərindən və xalqımızın yaddaşındakı silinməyən izlərdən. Bu baxımdan Vətən müharibəsinə həsr olunan “44” filmini yalnız kino əsəri deyil, milli yaddaşımızın gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm sənət layihəsi hesab edirəm.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri və Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının qurucusu Kamalə Kamal Cabbarova ifadə edib.
O deyib: “Artıq 11 ildir Türkiyədə təqdim etdiyimiz “Adsız qadın” tamaşası ilə Xocalı faciəsinin ağrısını və insan talelərində buraxdığı izləri tamaşaçılara çatdırmağa çalışırıq. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlığını, iradəsini və fədakarlığını əks etdirən tarixi mərhələdir. Bu hadisələri sənətin dili ilə anlatmaq isə yalnız tarixi faktları təqdim etmək deyil, həm də müharibənin insanların taleyində yaratdığı duyğuları və sınaqları göstərmək deməkdir”.
Kamalə xanım “44” filminin Türkiyədə nümayişinin təşkili, yaradıcı heyətin iştirakı ilə ekran əsəri ətrafında müzakirələrin keçirilməsi və rəhbərlik etdiyi teatrla əməkdaşlıq imkanlarının yaradılmasını arzu etdiyini deyib: “Bu, Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılması və iki qardaş ölkənin sənətçiləri arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm imkan yarada bilər. Filmdə türkiyəli aktrisa Özge Gürelin iştirakı da bu mədəni yaxınlığın ifadələrindən biridir. Mədəniyyət yalnız əsərlərin nümayişi deyil, xalqlar arasında mənəvi bağların qurulmasıdır. Bu sahədə peşəkar təcrübənin, yaradıcı təşəbbüslərin və davamlı əməkdaşlığın dəstəklənməsi Azərbaycan sənətinin beynəlxalq miqyasda tanınmasına töhfə verə bilər”.
O bildirib ki, “44” yalnız günlərin sayı deyil, qəhrəmanlığın, fədakarlığın və Zəfərə gedən yolun yaddaşıdır. Bu yaddaşı sənətin dili ilə yaşatmaq və Azərbaycan-Türkiyə qardaşlığını yeni mədəni layihələrlə gələcək nəsillərə ötürmək ortaq məsuliyyətimizdir.