Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib
Lənkəran, 17 oktyabr, AZƏRTAC
Lənkəranda Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə, onların yarımçıq qalan arzularına və geridə qoyduqları əzizlərinə həsr edilən “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, dövlət və təhsil müəssisələrinin nümayəndələri, gənclər, gənclər təşkilatlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bədii kompozisiyanın əsas ideyası Vətən sevgisi ilə şəxsi duyğuların qovuşduğu, qəhrəmanların doğmalarına olan məhəbbətinin və Vətən qarşısındakı müqəddəs borcunun ön plana çıxdığı təsirli səhnələrlə tamaşaçılara çatdırılıb.
Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin könüllülərinin ifasında təqdim olunan səhnə əsərində işıq və kölgələrin köməyi ilə yaradılan siluetlər xüsusi emosional təsir doğurub. Vətən müdafiəçilərinin sevdikləri ilə vidalaşması, ayrılıq anları və doğmalarına əmanət qoyduqları arzular bədii ifadə vasitələri ilə canlandırılıb. Səhnələr tamaşaçılara duyğulu anlar yaşadaraq, insan talelərini və fədakarlığın mənəvi dəyərini bir daha xatırladıb.
Proqram çərçivəsində gənclərin ifasında təqdim olunan duyğusal vals və milli rəqs nömrələri kompozisiyanın bədii məzmununu tamamlayıb.
Müxbir - İlkin Adıyev