Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur
İstanbul, 17 oktyabr, AZƏRTAC
Stanford Universiteti və “Elsevier” nəşriyyatı tərəfindən hazırlanan dünyanın ən nüfuzlu alimlərinin 2026-cı il üzrə yenilənmiş siyahısında azərbaycanlı alim, professor Abdulla Avey (Sofiyev) yüksək göstəricisi ilə diqqət çəkir. Belə ki, Stanford Universitetinin alimləri tərəfindən “Elsevier”in Scopus məlumatları əsasında hazırlanan və alimlərin elmi təsirini istinad göstəricilərinə görə qiymətləndirən beynəlxalq məlumat bazasının (Updated Science-Wide Author Databases of Standardized Citation Indicators) 9-cu versiyasına 243 min 960 alim daxil edilib. Bu da dünyanın ən nüfuzlu alimlərinin ilk 2 faizini əhatə edir.
AZƏRTAC xəbər verir ki, siyahıda müxtəlif ölkələrdə çalışan azərbaycanəsilli alimlər də təmsil olunurlar. Onların arasında ən yüksək göstərici isə professor Abdulla Aveyə məxsusdur. Hazırda Türkiyənin İstanbul Ticarət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirən professor nəzəri və tətbiqi mexanika, riyazi modelləşdirmə, kompozit və nanokompozit materiallar, funksional qradiyentli konstruksiyalar, lövhə və qabıqların dayanıqlığı, sərbəst və qeyri-xətti rəqslər sahəsində tədqiqatları ilə tanınır.
Alimin elmi əsərləri nüfuzlu beynəlxalq jurnallarda dərc olunub və müxtəlif ölkələrin tədqiqatçıları tərəfindən istinad edilib. Professor Sofiyev Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Odlar Yurdu Universiteti ilə elmi əməkdaşlığını davam etdirir. Onun beynəlxalq tədqiqat layihələrində iştirakı və xarici alimlərlə birgə nəşrləri Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafına da töhfə verir.
Qeyd edək ki, Stanford–Elsevier məlumat bazasında alimlərin elmi fəaliyyəti istinadların sayı, h-indeksi, həmmüəlliflik göstəriciləri və digər bibliometrik meyarlar əsasında qiymətləndirilir.