Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu
Füzuli, 17 oktyabr, AZƏRTAC
Füzuli şəhərinin işğaldan azad olunmasından sonra burada genişmiqyaslı bərpa və quruculuq işləri aparılıb, şəhərin siması əhəmiyyətli dərəcədə dəyişib. Uzun illər doğma yurdlarından ayrı düşən sakinlər bu gün öz evlərinə qayıdaraq yeni həyata başlayıblar. Vaxtilə uşaqlıq xatirələri ilə vidalaşaraq doğma şəhəri tərk edən insanlar indi ailələri ilə birlikdə Füzulidə yaşayır, şəhərin inkişafına öz töhfələrini verirlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Füzuli sakini Ağabala Abdullayev bildirib.
“1978-ci ildə Füzuli şəhərində anadan olmuşam. 14-15 yaşım var idi məlum hadisələr baş verəndə. Həmin günləri xatırlamaq çox çətindir. Bu, bizim hər birimiz üçün çox sarsıdıcı oldu. Hamımız təlaş içində idik, nə baş verdiyini təsəvvür belə edə bilmirdik. İnsanlar qəfildən ağır günlərlə üzləşdilər və məcburi şəkildə doğma yurdlarını tərk etməli oldular.
Sonra müxtəlif bölgələrdə yaşadıq, daha sonra Bakıya köçdük. Belə deyim, çörəksiz, susuz qaldığımız günlər olub, amma ümidsiz qaldığım gün olmayıb. O günlərdə bizi yaşadan ümid oldu. Dövlətimizə, xalqımıza inamımız oldu və bu gün həmin ümidin bəhrəsini görürük”, - deyə o qeyd edib.
Ağabala Abdullayev torpağın azadlığı uğrunda canından keçənləri də unutmur: “Allah bütün şəhidlərimizin məqamını uca etsin. Onların, qüdrətli Azərbaycan Ordusunun və qalib sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin sayəsində şükürlər olsun ki, bu gün suveren Azərbaycan torpaqlarında başıuca yaşayırıq. Füzulidə çox böyük quruculuq işləri görülüb və bu işlər davam edir. Şəhərimiz gündən-günə abadlaşır. Qarabağımız sözün əsl mənasında cənnətdir.
Mən uşaq idim buradan ailəlikcə çıxanda. Amma indi özüm ailə başçısı olaraq Füzuliyə qayıtmışam. Ailəmiz dörd nəfərdən ibarətdir, kiçik övladımın 20 yaşı var. Mənim övladlarım Füzulini görməmişdilər, amma bizdən həmişə Füzuli haqqında soruşur, öz ata-baba yurdlarına daim sevgi bəsləyirdilər. İndi isə onlar burada firavan həyat yaşayırlar.
Müsahibim deyir ki, onun özü də əlinə silah alaraq Vətən müharibəsində döyüşüb: “Özüm 25 il orduda xidmət etmişəm, Vətən müharibəsinin iştirakçısıyam. Hələ illər əvvəl, xidmətdə olduğum dövrdə Alxanlı kəndinə gələrək əzəmətli Məngələnata dağına həsrətlə baxırdım, uşaqlıq illərim yadıma düşürdü. O baxışlarım ümid dolu idi. Çünki dövlətimizə, Ordumuza, Ali Baş Komandanımıza və xalqımıza inanırdım. Bilirdim ki, hər bir məqamın öz zamanı var. Həmin an gəldi, torpaqlarımız azad edildi.
Bu gün Füzuli sakinləri doğma yurdlarındadırlar. Tarixi bir günü – Füzuli Şəhəri Gününü bu torpaqlarda qeyd edirik. Hər birimiz Füzulimizin çiçəklənməsi, gözəlləşməsi üçün çalışırıq”.
Müxbir - Aydın Yavərzadə