Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb
Bakı, 18 oktyabr, AZƏRTAC
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda tanınmış alim, tarix elmləri doktoru, professor İradə Bağırovanın 70 illik yubileyinə həsr olunmuş “Azərbaycanın XIX–XX əsrlər tarixinin aktual problemləri dünya tarixi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, xarici ölkələrin elmi ictimaiyyətinin nümayəndələri də onlayn formatda iştirak edərək məruzələrlə çıxış ediblər.
Konfransın plenar iclasını açan İnstitutun direktoru, professor Kərim Şükürov, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva və akademik Nailə Vəlixanlı yubilyarın Azərbaycan tarixşünaslığına verdiyi mühüm töhfələri yüksək qiymətləndirib, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə akademik Nərgiz Axundova və dosent Cəbi Bəhramov alimin ömür yolu və tədqiqat təcrübəsinə dair məruzələrlə çıxış ediblər.
Tədbirdə Tarix və Etnologiya İnstitutunun Dünya tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İradə Bağırova “Elmi fəaliyyətimin əsas dövrləri: təcrübə və dərsləri” mövzusunda çıxış edərək elmi fəaliyyətinin əsas mərhələlərindən və tədqiqat təcrübəsindən danışıb.
Beynəlxalq konfrans işini iki əsas bölmə üzrə davam etdirib. Müzakirələrdə XIX–XX əsrlərdə Azərbaycanın dövlətçilik tarixi, siyasi və etnodemoqrafik proseslər, neft sənayesi, sovet repressiyaları, cənubi azərbaycanlıların tarixi, mədəni transformasiyalar və məktəb tarix təhsili kimi aktual məsələlər dünya tarixi kontekstində təhlil olunub.
Tədbir Azərbaycanın yaxın keçmişinin elmi baxımdan geniş qiymətləndirilməsi və yerli alimlərlə xarici tədqiqatçılar arasında elmi əlaqələrin daha da genişlənməsi baxımından mühüm addım kimi dəyərləndirilib.