Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın şpaqa üzrə milli komandasının üzvü Vahab Fətullayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Kadet-Junior Şpaqa üzrə Macarıstan Kuboku-3” turnirində bürünc medal qazanıb.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildirilib ki, iki gün davam edən beynəlxalq yarışda gənc oğlanlar arasında şpaqa üzrə şəxsi mübarizədə 149 idmançı iştirak edib.
Vahab Fətullayev qrup mərhələsində keçirdiyi 6 görüşün hamısında qalib gəlib. O, pley-off mərhələsində Çin və Macarıstan təmsilçilərini məğlub edərək 1/4 finala yüksəlib. Azərbaycanlı qılıncoynadan bu mərhələdə macarıstanlı Akos Kubingerə 15:10 hesabı ilə qalib gəlib.
Fətullayev yarımfinalda Edmond Ventzel ilə qarşılaşıb. Görüş 15:13 hesabı ilə rəqibin xeyrinə başa çatıb və idmançımız turniri üçüncü pillədə tamamlayaraq bürünc medala sahib olub.
Yarışda Azərbaycanla yanaşı, Macarıstan, Avstriya, Çin, İrlandiya, Rumıniya, Serbiya və Slovakiyadan olan qılıncoynadanlar da iştirak ediblər.