Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
Rotterdam, 27 sentyabr, AZƏRTAC
Rotterdamda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderlanddakı səfirliyinin nümayəndəsi, diaspor təşkilatlarının rəhbərləri, ziyalılar, gənclər və Azərbaycan icmasının fəalları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənc diaspor fəalı Əli Məmmədov Qurani-Kərimdən ayələr oxuyaraq şəhidlərin ruhuna dualar edib. Daha sonra şəhidlərin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirin açılışında çıxış edən Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Anım Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, şəhidlərin qəhrəmanlığının, Vətənə sədaqətinin və fədakarlığının gələcək nəsillər üçün mühüm vətənpərvərlik nümunəsi olduğunu qeyd edib.
Elsevər Məmmədov xaricdə yaşayan azərbaycanlıların milli yaddaşın qorunması, Azərbaycanın tarixi həqiqətlərinin yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırılması və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində diaspor təşkilatlarının mühüm rol oynadığını vurğulayıb.
Azərbaycanın Niderlanddakı səfirliyinin baş müşaviri Nurlan Əliyev çıxışında 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, Azərbaycan Ordusunun qəhrəmanlığından və şəhidlərin Vətən qarşısındakı xidmətlərindən danışıb. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən hərbçilərin xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.
“Ana Vətən” Avropa Azərbaycanlıları Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva şəhid ailələrinin göstərdiyi dözüm və fədakarlıqdan söz açıb, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yasəmən Əkbərova şəhidlərin qəhrəmanlığının milli yaddaşda yaşadılmasında ədəbiyyat və poeziyanın roluna diqqət çəkib. O, çıxışının sonunda şəhidlərin xatirəsinə həsr olunmuş şeir səsləndirib.
Benilüks Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, şəhid qardaşı Niyazi Əmikışızadə çıxışında şəhid ailələrinin yaşadığı mənəvi ağrı və göstərdiyi dözümdən danışıb. O, 27 Sentyabr – Anım Gününün onun üçün xüsusi məna daşıdığını bildirərək şəhidlərin xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbir zamanı Belçika–Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının Anım Günü ilə bağlı hazırladığı bəyanat diasporun fəal gənc nümayəndəsi Sürə Gündoğdu tərəfindən səsləndirilib. Bəyanatda şəhid hərbçilərin və mülki şəxslərin xatirəsi ehtiramla yad edilib, milli həmrəyliyin və tarixi yaddaşın qorunmasının vacibliyi qeyd olunub. Sülhün, təhlükəsizliyin və xalqlar arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxunub və onların xatirəsinə ehsan süfrəsi açılıb.