Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü münasibətilə Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar xatirə abidəsinin önünə gül dəstələri qoyaraq, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə həkk olunan Vətən müharibəsinin başlamasından altı il ötür. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun sarsılmaz iradəsi sayəsində qazanılan tarixi Qələbə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələndi.
Bu gün xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmış bütün qəhrəman övladlarımızı qürur və minnətdarlıq hissi ilə anır.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən 27 Sentyabr – Anım Günü xalqımızın birliyinin və şəhidlərimizə olan sonsuz ehtiramın rəmzinə çevrilib.
Şanlı tariximizi yazan qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, onların vətənpərvərliyini və döyüş əzmini daim qürurla xatırlayırıq!