Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib
Kişineu, 27 sentyabr, AZƏRTAC
Kişineu şəhərində Azərbaycanın Moldovadakı səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Moldova Azərbaycanlıları Konqresinin fəalları və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsinə həsr olunmuş barelyef önünə əklil qoyulub və Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülüb.
Çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətdən, torpaqlarımızın işğaldan azad olunmasından və regionda yaranan yeni reallıqlardan danışıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğu, qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə sona çatdığını qeyd edib, işğal altında olan əzəli torpaqlarımızın azad edilməsi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini bildirib. E.Bayramov torpaqlarımızın azad edilməsində əsgər və zabitlərimizin misilsiz şücaət göstərdiyini, öz qəhrəmanlıqları ilə adlarını şanlı Azərbaycan tarixinə əbədi yazdığını vurğulayıb.
Daha sonra çıxış edən soydaşlarımız 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən danışıblar.