Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi
Bakı, 27 sentyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidi, tank taqım komandiri, baş leytenant Elvin Əlimov ümumi orta təhsilini Suraxanı rayonunun 280 nömrəli məktəbində almışdı. Məktəb illərində riyaziyyat və digər dəqiq elmlərə xüsusi marağı ilə seçilirdi.
Elvinin anası İradə Əlimova AZƏRTAC-a müsahibəsində oğlunun uşaqlıq və məktəb illərindən, hərbçi olmaq arzusundan danışıb.
“Əvvəldən riyaziyyatı, ümumiyyətlə, dəqiq elmləri yaxşı anlayırdı. Bu qabiliyyət ailədən gəlirdi. Mən fizika müəllimiyəm, böyük qardaşı Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat ixtisasını bitirib, atası isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu idi. Elvini musiqiyə də yönəltmək istəmişdim. O, musiqi məktəbinin tar sinfində beş il təhsil alıb.
Bir gün mənə hərbçi olmaq istəyini açıqladı. Mən ona musiqi məktəbini hələ bitirmədiyini söylədim. O isə dedi ki, 9-cu sinfi bitirəndən sonra sənədlərini Naxçıvanski adına hərbi liseyə verəcək”.
Elvin Əlimov 280 nömrəli məktəbin 9-cu sinfini başa vurduqdan sonra Naxçıvanski adına hərbi liseyə qəbul olunub. İ.Əlimova oğlunun hərbçi olmaq istəyində ailədə formalaşan vətənpərvərlik mühitinin mühüm rol oynadığını bildirib: “Elvinin atası Birinci Qarabağ müharibəsində iştirak edib və müharibə ilə bağlı hadisələri uşaqlarına danışıb. Oğlum Xocalı soyqırımı ilə bağlı televiziya ekranlarında gördüklərindən çox təsirlənirdi. Həmişə atasından soruşardı ki, ermənilər bizim torpaqlarımızda Azərbaycan xalqını necə qırıblar? Buna necə yol veriblər? İnsanları xilas etmək mümkün deyildimi? Sonra da deyirdi ki, hərbçi olacaq, Vətənini göz bəbəyi kimi qoruyacaq. Atası kimi döyüşəcək”.
İradə Əlimova qeyd edib ki, Elvin daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb: “Ona dedim ki, rabitə istiqamətinə daxil ol. Amma o, ağır texnikanı seçdi. Bu sahəyə böyük sevgi ilə yanaşırdı”.
Şəhid anasının sözlərinə görə, Elvin hərbi təhsilini uğurla başa vurduqdan sonra leytenant kimi xidmətə başlayıb və ilk gündən cəbhə xəttində xidmət edib. Elvin xidmət etdiyi hərbi hissədə peşəkarlığı, intizamı və yoldaşlarına münasibəti ilə seçilib. Rəhbərlik etdiyi tank bölüyü qarnizon üzrə keçirilən yarışlarda birinci yerə çıxıb və buna görə müxtəlif mükafatlarla təltif olunub. İ.Əlimova bildirib ki, oğluna təqdim olunan televizoru Elvin evə gətirməyib: “Dedi ki, subaydır, televizora baxmağa vaxtı yoxdur. Televizoru hərbi hissədə saxladı ki, əsgərlər və oradakı əməkdaşlar istifadə etsinlər. Belə bir insan idi”.
Müsahibimiz əlavə edib ki, Elvin xidmət zamanı bölük komandirliyi kursuna göndərilib və həmin kursu da uğurla başa vurub. 2020-ci ilin fevralından isə müvəqqəti olaraq bölük komandiri vəzifəsini icra edib.
Müxbir – Tünzalə Arazlı