Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr Azərbaycan xalqının yaddaşında yalnız təqvim günü deyil, milli iradənin, dövlətçilik düşüncəsinin və tarixi yaddaşın mühüm rəmzlərindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nazim Mənsimov söyləyib. O bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi uzun illər davam edən mürəkkəb tarixi-siyasi proseslərin nəticəsi idi. Azərbaycan torpaqlarının işğalı, insanların doğma yurdlarından məcburi köçkün düşməsi, yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin və infrastrukturun dağıdılması xalqımızın yaddaşında dərin iz buraxıb.
Nazim Mənsimov qeyd edib ki, Azərbaycan dövlətinin diplomatik fəaliyyəti, iqtisadi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində aparılan siyasət və milli həmrəyliyin qorunması sonrakı proseslərin mühüm əsaslarını formalaşdırıb.
“Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu hadisələr yalnız hərb tarixi baxımından deyil, beynəlxalq münasibətlər, diplomatiya, dövlətçilik, milli yaddaş və müasir hərbi texnologiyalar baxımından da geniş tədqiqat imkanları yaradıb”, – deyə müsahibimiz vurğulayıb. Onun sözlərinə görə, Vətən müharibəsinin elmi baxımdan araşdırılması bir neçə istiqaməti əhatə edir. Bunların sırasında hərb tarixi və strategiya, beynəlxalq münasibətlər və diplomatiya, milli yaddaş və tarixşünaslıq xüsusi yer tutur. Şəhidlərlə bağlı arxiv materiallarının toplanması, bioqrafik məlumatların sistemləşdirilməsi və etibarlı mənbələr əsasında gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir.
“Biz Vətən müharibəsi və onun nəticələri ilə bağlı hadisələri emosional yaddaşdan akademik yaddaşa keçirməliyik. Bunun üçün ilkin sənədlər, şahid ifadələri, xəritələr, foto və videomateriallar, diplomatik sənədlər və digər tarixi mənbələr sistemləşdirilərək elmi dövriyyəyə daxil edilməlidir. Çünki tarix yalnız xatırlamaq deyil, həm də sənədləşdirməkdir”, – deyə Nazim Mənsimov əlavə edib. O bildirib ki, müharibədən sonrakı mərhələdə gənclərin qarşısında yeni vəzifələr dayanır. Əldə edilmiş tarixi nəticələrin elmi, intellektual və institusional nailiyyətlərlə möhkəmləndirilməsi vacibdir.
“İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı, mədəni irsin qorunması, ekoloji problemlərin araşdırılması, yeni nəqliyyat və kommunikasiya infrastrukturunun yaradılması müxtəlif elm sahələri üçün geniş tədqiqat istiqamətləri açır. Bu proseslərdə tarixçi, hüquqşünas, iqtisadçı, coğrafiyaşünas, mühəndis, politoloq, sosioloq və digər mütəxəssislərin əməkdaşlığı böyük əhəmiyyət daşıyır.
Vətən müharibəsinin nəticələri yalnız hərb tarixinə aid deyil. Bu nəticələr Azərbaycanın elmi gündəliyində çoxşaxəli və uzunmüddətli tədqiqat istiqamətləri formalaşdırır. Gənc alimlərin qarşısında isə böyük məsuliyyət dayanır. Biz elmi obyektivliyi, akademik dürüstlüyü və milli yaddaşı bir-birindən ayırmamalıyıq. Tarixi hadisələrə münasibətdə emosional yanaşma təbii olsa da, elm bizdən faktlara, mənbələrə və metodologiyaya əsaslanmağı tələb edir.
Gələcək nəsillər bu gün yaşanan hadisələri alimlərin əsərlərindən, toplanan arxiv materiallarından və aparılan elmi tədqiqatlardan öyrənəcəklər. Buna görə də hər bir gənc alim milli yaddaşın qorunması və gələcək nəsillərə obyektiv məlumatların çatdırılması istiqamətində məsuliyyət daşıyır.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu mərhələdə elmi potensial, intellektual kapital, innovasiya və insan resursları ölkənin inkişafının mühüm dayaqlarındandır. Gənc alimlərin öz sahələrində apardıqları tədqiqatlar, yaratdıqları elmi əsərlər və Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılmasına verdikləri töhfələr şəhidlərimizin xatirəsinə ehtiramın mühüm ifadələrindən biridir”, – deyə müsahibimiz bildirib. O vurğulayıb ki, şəhidlərimizin hər birinin həyat hekayəsi Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Onların xatirəsi yalnız ailələrinin deyil, bütün Azərbaycan xalqının mənəvi sərvətidir.
Müxbir – Tünzalə Arazlı