27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib
Kiyev, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın Belarus Respublikasındakı səfirliyində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Belarus Azərbaycan İcmaları Konqresi və onun Polotsk, Qrodno, Brest regional bölmələri, Minskdə fəaliyyət göstərən “Qobustan”, Qomeldə fəaliyyət göstərən “Ocaq”, Moqilyovda fəaliyyət göstərən “Azəri”, Bobruyskda fəaliyyət göstərən “Vətən” cəmiyyətlərinin rəhbərləri və üzvləri, eləcə də Belarusda təhsil alan azərbaycanlı tələbələr və soydaşlarımız iştirak edib.
Əvvəlcə Vətən müharibəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Məhərrəm Əliyev altı il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əks-hücum əməliyyatı həyata keçirməsini, bununla da 44 günlük Vətən Müharibəsinin başladığını xatırladıb. Nəticədə 30 ilə yaxın davam edən işğala, ədalətsizliyə son qoyulduğunu, Azərbaycan Ordusunun beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq öz torpaqlarını azad etdiyini bildirib. Bu 44 günün xalqımızın tarixində birlik, həmrəylik və qəhrəmanlıq dastanına çevrildiyini qeyd edən səfir, Anım Gününün həm də milli qürur günü olduğunu vurğulayıb.
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından keçən müddətdə Azərbaycanın bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardan bəhs edilib, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında diasporun rolunun əhəmiyyətini vurğulanıb.
Tədbirdə Vətən Müharibəsi reallıqlarını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib, həmçinin sənədli film nümayiş olunub.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə dualar oxunub, ehsan süfrəsi açılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev