Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günü ilə əlaqədar Abşeron rayonunda şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət ediblər.
Anım Gününə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib.
Əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Vətən müharibəsindəki şanlı Qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 27 sentyabr tarixinin xalqımızın yaddaşında dərin iz buraxdığını bildirib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndiyini, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyulduğunu vurğulayıb. Abdin Fərzəliyev işğaldan azad edilmiş ərazilərdə bu gün həyatın yenidən canlandığını xüsusilə diqqətə çatdırıb.
Milli Məclisin deputatları Nigar Məmmədova və Zaur Şükürov çıxışlarında Azərbaycan Ordusunun peşəkarlığının, xalqımızın birliyinin və milli həmrəyliyinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını qeyd ediblər. Deputatlar şəhidlərin Vətən uğrunda göstərdiyi fədakarlığın gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildiriblər.
Sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva və Vətən müharibəsi qazisi Vidadi Əliyev igid qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan söz açıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının və adlarının yaşadılmasının onlar üçün böyük mənəvi əhəmiyyət daşıdığını ifadə ediblər. Çıxışçılar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Çıxışların ardından şəhid ailələrinə xatirə hədiyyələri təqdim olunub. Hədiyyələrin içərisində işğaldan azad edilmiş ərazilərdən gətirilən torpaq yerləşdirilib.
Anım tədbiri şəhid ailələri və qazilərin iştirakı ilə Heydər Əliyev Parkında ağacəkmə aksiyası ilə yekunlaşıb. Eyni zamanda, Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən şəhid xiyabanları və xatirə kompleksləri ziyarət edilərək şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.