“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonundakı Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərkəzin direktoru Rezo Həsənov bildirib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə düşən mühüm hadisələrdən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində əldə olunan Böyük Qələbə sayəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə sentyabrın 27-si şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasında Anım Günü kimi təsis olunub.
Çıxışlarda Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Zəfərə aparan yolun əsas mərhələlərindən söz açılıb, gənclərə şanlı qələbə haqqında ətraflı məlumat verilib. Bu mühüm tarixi yadda saxlamağın və şəhidlərin xatirəsini daim uca tutmağın vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində həvəskar şairlər və Mərkəzin üzvləri tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, tarixi günləri əks etdirən təqdimatlar nümayiş olunub.
Həqiqət Şamillinin şəhidlərimizin həyatı, qəhrəmanlığı və döyüş yolundan bəhs edən “Müqəddəs şəhidlər” kitabı tədbir iştirakçılarına təqdim edilib.