Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir... Ümummilli Lider Heydər Əliyevin bu sözləri hər birimizin yaddaşına dərindən həkk olunub. Xalqımız müxtəlif dövrlərdə ağır sınaqlarla üzləşsə də, azadlıq uğrunda mübarizəsindən geri çəkilməyib. 1918-ci ildə qurulan Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. Amma bizim azadlıq mübarizəmiz davam etdi. 1991-ci ildə müstəqilliyini yenidən əldə edən Azərbaycan daha bir sınaqla üz-üzə idi. Məhz bu anda xalqın və dövlətin imdadına Ulu Öndər Heydər Əliyev yetişdi. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və gərgin əməyi sayəsində Azərbaycan müstəqillik yolunda mətin addımlarla irəliləməyi bacardı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquqşünas-vəkil Cavid Ələkbərov deyib.
O qeyd edib ki, müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlarla ölkənin inkişafında yeni mərhələnin əsasını qoydu. Ümummilli Liderlə başlayan bu şanlı missiya Prezident İlham Əliyevlə bu gün də davam edir.
“2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev dövlət başçısı seçildiyi gündən Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsini əsas missiya kimi müəyyənləşdirdi. Ötən dövrə nəzər saldıqda görürük ki, dövlət başçısı verdiyi vədləri yerinə yetirib. Bu gün Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Beynəlxalq aləmdə böyük nüfuz və hörmət sahibidir”.
O xatırladıb ki, bəzi qüvvələr Qarabağ məsələsini əbədi problemə çevirmək, Azərbaycan xalqını işğalla barışdırmaq istəyirdilər. Lakin xalqımız bununla barışa bilməzdi. Məhz müstəqil siyasət yürüdən, siyasi iradə nümayiş etdirən Azərbaycan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarını işğaldan azad etməyi bacardı.
“Bizim mübarizəmiz bu gün də davam edir. Prezident İlham Əliyev çıxışlarında Zəfəri qoruyub saxlamağın onu əldə etməkdən qat-qat çətin olduğunu bildirir. Azərbaycanın mühüm missiyası Zəfəri möhkəmləndirmək, Qarabağ və Şərqi Zəngəzuru abadlaşdırmaq, insanların doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir”, - deyə hüquqşünas vurğulayıb.
O qeyd edib ki, “müstəqillik” və “müstəqilliyin bərpası” ayrı-ayrı məfhumlardır. Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 15-də tarixi qərar qəbul edərək 18 oktyabrı “Müstəqilliyin Bərpası Günü” elan etməsi də məhz baxımdan əlamətdardır və Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu göstərir.
“Bu gün müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var. O məqsədlərə çatmaq üçün biz hamımız ölkəmizin müstəqilliyinin, suverenliyinin qayğısına daha çox qalmalıyıq. Çünki bu nemətlərə qan tökərək, qəhrəmanlıqlar göstərərək nail olmuşuq. Müstəqilliyimizin və suverenliyimizin bərpası və qorunması uğrunda canlarından keçən şəhidlərimizi sonsuz hörmət və ehtiramla yad edirik!”, - deyə hüquqşünas əlavə edib.