Batumidə şəhidlərin xatirəsi anılıb
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Ölkəmizin Batumi şəhərindəki baş konsulluğunun təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan İcmasında anım tədbiri keçirilib.
Tədbirdə Baş Konsulluğun əməkdaşları, SOCAR-ın Batumidəki nümayəndəliyinin rəhbəri Səfər Əlizadə, Mirzə Fətəli Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin rəhbəri Rövşən Namazov, Gürcüstanda yaşayan soydaşlarımız, həmçinin Batumidə Azərbaycan dili dərslərini tədris edən müəllimlər, eləcə də şagirdlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Baş konsul Fuad Əzizov çıxış edərək, Anım Gününün xalqımızın müasir tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və qətiyyətli siyasətdən, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlıqdan, xalqımızın milli həmrəyliyindən, habelə şəhidlərimizin Vətən uğrunda göstərdiyi misilsiz fədakarlıqlardan bəhs edib.
Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması və onların göstərdiyi şücaətin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.
Sonra Xeyriyyə Cəmiyyətində Azərbaycan dili dərslərində təhsil alan şagirdlər Vətənə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər.