Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası
Bakı, 27 sentyabr, AZƏRTAC
Vahid ailənin üç övladından biri olub. Uşaqlıqdan dəcəl, eyni zamanda, mehriban, zarafatcıl və ünsiyyətcil xarakteri ilə seçilib. Mənə çox bağlı idi. Ana-oğul münasibətimiz həmişə xüsusi olub. Bəzən heç nə demədən belə bir-birimizi anlayardıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında şəhid Vahid Abbasovun anası Natella Abbasova söyləyib.
Bakı şəhəri 47 nömrəli məktəbdə işləyən Natella Abbasova üç övladının da orada təhsil aldığını, lakin Vahidin xarakterinə görə məktəbdə daha çox tanındığını söyləyib.
“Üç uşağımın hamısı həmin məktəbdə oxuyurdu, amma heç kim mənim qızlarımın kim olduğunu bilmirdi. Amma Vahidi məktəbdə hamı tanıyırdı. Çünki orada da çox dəcəl, zarafatcıl, hərəkətli idi. Hara gedirdisə, özündən bir iz qoyurdu. Müəllimlər də, uşaqlar da onu tanıyırdı və hamı onu çox sevirdi.
Çox istəyərdi ki, hamımız bir yerə yığışaq, birlikdə yemək yeyək, söhbət edək, musiqi olsun, oynayaq, gülək. Onun üçün xoşbəxtlik ailəsinin yanında olmaq, hamını bir süfrənin ətrafında görmək idi”, - deyə müsahibimiz bildirib.
Natella Abbasova qeyd edib ki, Vahid insanlarla asanlıqla ünsiyyət qurub, dostlarına və yaxınlarına bağlı olub: “Vahid olduğu mühitə sevinc, gülüş və enerji gətirən, ətrafındakı insanlarda rahatlıq və güvən hissi yaradan biri olub”.
Şəhid anası oğlunun Vətənə sevgisinin də uşaqlıqdan özünü göstərdiyini vurğulayıb: “Vahid həmişə polis olmaq istəyirdi. Bu arzu onun üçün sadəcə bir peşə deyildi, Vətənə xidmət etmək, insanlara dayaq olmaq istəyinin bir hissəsi idi. Hərbçilərə, polislərə, şəhidlərə xüsusi hörmətlə yanaşırdı. Sosial şəbəkədə paylaşdığı statuslarda da bunu tez-tez göstərirdi. Şəhidlərimizi, hərbçilərimizi, polislərimizi paylaşardı”.
Natella Abbasova qeyd edib ki, oğlunun xatirəsi onun üçün həm qürur, həm də ağır həsrət hissidir.
“Vahid yoxdur, amma onun gülüşü, zarafatları, sevgisi bizimlədir. Mənim üçün isə Vahid həmişə o dəcəl, gülərüz, anasına bağlı balaca oğlum olaraq qalacaq. İllər keçsə də, həyat davam etsə də, mənim ürəyimdə onun yaşı heç vaxt böyüməyəcək.
Ana üçün övlad neçə yaşında olursa-olsun, yenə də onun balasıdır. Mənim Vahidim də həmişə balam olaraq qalacaq. Mən Vahidi itirdim, amma ona olan sevgimi itirmədim. O sevgi bu gün də mənim içimdə yaşayır və ömrümün sonuna qədər yaşayacaq”, – deyə Natella Abbasova bildirib.
Müxbir – Tünzalə Arazlı