Avropa mətbuatı Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna geniş yer ayırıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əhəmiyyəti və aktual xarakter daşıyan mövzuları ilə dünya mətbuatının diqqətində olub.
AZƏRTAC xəbər verir ki, forumda müzakirə olunan problemlər və imzalanan sənədlər, eləcə də Azərbaycanın iqtisadi potensialı dünya mətbuatının diqqətindən yayınmayıb.
Bolqarıstanın “Стандарт” saytında yazılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin bütün xarici borcunu 24 saat ərzində ödəyə biləcəyi barədə şok açıqlama verərək, Köhnə Qitədəki dərin maliyyə böhranını üzə çıxarıb. Prezident İlham Əliyev ölkənin xarici borcunu təxminən 20 dəfə üstələyən valyuta ehtiyatları topladığını vurğulayıb. Eyni zamanda, Avropa İttifaqı artıq orta hesabla ÜDM-in 83,4 faizini aşan rekord borcla sıxışdırılır və istehsalda xroniki böhran var. Saytda Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu bildirilib. Qeyd edilib ki, neft və qaz hələ də ixracın əsas payını təşkil etsə də, qeyri-neft sektoru hazırda ölkənin ÜDM-nin 70 faizindən çoxunu təşkil edir.
Digər bir sayt - “Net news”da Prezident İlham Əliyevin forumda səsləndirdiyi Azərbaycanın xarici borcu və valyuta ehtiyatları barədə fikirlərinin Bolqarıstan üçün nümunə olduğu diqqətə çatdırılıb: “Bolqarıstan üçün bu nümunə, xüsusilə aktualdır. Ölkəmiz Avropa İttifaqında ən aşağı borc səviyyələrindən biri ilə - ÜDM-in təxminən 29,9 faizi ilə öyünsə də, bu borcun artma tempi həyəcanvericidir. Problem ondadır ki, bu vəsaitlər çox vaxt əlavə dəyər yaradan uzunmüddətli investisiyalar əvəzinə cari xərclərə və sosial ödənişlərə yönəldilir. Lakin Azərbaycan əlavə dəyər yaradan bilən iqtisadi sistemə malikdir”.
Yunanıstanın “Money Review” saytında vurğulanıb ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR və “ExxonMobil” Orta Kür hövzəsindəki qeyri-ənənəvi karbohidrogen yataqlarının kəşfiyyatı, işlənməsi və istismarı üçün hasilatın pay bölgüsü müqaviləsini imzalayıblar. İki şirkətin hər biri 50 faiz paya sahib olacaq və “ExxonMobil” operator rolunu öz üzərinə götürəcək. Bu müqavilələr təchizat təhlükəsizliyinin Avropa gündəmində yüksək səviyyədə qaldığı bir vaxtda, Azərbaycanın təbii qaz istehsalçısı kimi mövqeyini gücləndirir. “Abşeron” yatağının genişləndirilməsi ölkənin təbii qaz hasilatını növbəti üç-dörd il ərzində təxminən 5 milyard kubmetr artıracaq. “TotalEnergies”in məlumatına görə, tam işlənmənin birinci mərhələyə əlavə olaraq, sabit hasilatla ildə təxminən 4,5 milyard kubmetr qaz hasil edəcəyi gözlənilir.
“Energia” saytında qeyd olunub ki, Azərbaycan təbii qazı əsasən Avropaya və Türkiyəyə ixrac edir. Ötən il Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixrac etdiyi qazın həcmi 25 milyard kubmetr təşkil edib. Bu qlobal enerji təchizatındakı fasilələrin təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqları artırdığı bir vaxta təsadüf edir. Azərbaycanın Avropaya ixracının daha da artması üçün əlavə boru kəməri tutumu tələb olunacaq. Materialda nəzərə çatdırılıb ki, tranzit olaraq Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrinin inkişafında əsas rol oynayır.