Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir
Tbilisi, 27 sentyabr, AZƏRTAC
Bu gün Azərbaycan xalqı tarixi əhəmiyyətli bir günü, 27 Sentyabr - Anım Gününü qeyd edir. Bu tarix təkcə Azərbaycan üçün deyil, region üçün mühüm bir gündür. Xalq öz qəhrəmanlarını kütləvi şəkildə yad edir. Önəmli bir cəhət də ondadır ki, Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində, eləcə də Gürcüstanda ehtiramla yad edilir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Badri Naçkebiya deyib.
Onun sözlərinə görə, bütövlükdə, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində tarixi qələbə qazandı. Bu, Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir.
Politoloq deyib: “Azərbaycan bu qələbə nəticəsində çox ciddi strateji nailiyyətlər əldə etdi. Daha sonra Azərbaycan dövləti Prezident İlham Əliyevin başçılığı ilə həm hərbi, həm də diplomatik müstəvidə qətiyyətli addımlar ataraq, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Hazırda Ermənistanla Azərbaycan arasında sülh və danışıqlar prosesi davam edir. Çox ümid edirik ki, bu proses yaxın zamanlarda yekunlaşacaq və sülh danışıqları əsasında tərəflər arasında müqavilə imzalanacaq”.
“Azərbaycanın bu qələbəsi təkcə regionumuz üçün deyil, bütövlükdə qlobal miqyasda böyük əhəmiyyət daşıyır. Məhz bu baxımdan, güman edirəm ki, hər üç ölkə gələcəkdə sıx əməkdaşlıq edəcək”, – deyə siyasətçi vurğulayıb.
O deyib: “Bu proses Gürcüstan üçün müstəsna əhəmiyyət kəsb edir. Çünki qonşularımız arasında dinc münasibətlərin formalaşması bizim üçün həyati vacibdir. Gürcüstanın da ərazi bütövlüyü problemi olduğundan, bütün Cənubi Qafqazın maraqlarına uyğundur ki, Gürcüstanın da ərazi bütövlüyü təmin edilsin. Yalnız bundan sonra biz bütün regionda real tərəqqiyə və inkişafa nail ola bilərik. Əsas məqsədimiz regionda davamlı sülh və sabitliyi bərqərar etməkdir”.