Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü
Bakı, 27 sentyabr, AZƏRTAC
Qardaşım Ələkbər təbiətən çox mehriban, qayğıkeş, əliaçıq və hörmətcil idi. Məktəbdə qiymətləri yüksək olmasa da, müəllimləri onu tərbiyəsinə, gözəl insani keyfiyyətlərinə görə çox sevirdilər. Uşaqlıqdan müxtəlif qabiliyyətləri vardı. Nağara çalmağı sevirdi, məktəb tədbirlərində iştirak edirdi. Əl işlərinə böyük marağı vardı, müxtəlif qutulardan fiqurlar hazırlayırdı. Üzgüçülük və boksla da məşğul olurdu.
Bu barədə AZƏRTAC-a açıqlamasında şəhid Ələkbər Hacıyevin bacısı, AMEA Mərkəzi Elmi Kitabxanasının baş biblioqrafı Səadət Hacıyeva söyləyib. Onun sözlərinə görə, Ələkbər uşaqlıq illərindən zəhmətə bağlı olub. Yay aylarında ailəsi ilə birlikdə Nardaranda keçirdiyi günlərdə bağ işlərində valideynlərinə və nənəsinə kömək edərdi.
1987-1989-cu illərdə Rusiyada hərbi xidmət keçib. Əsgərlik onun üçün özünün dediyi kimi, “kişilik və mərdlik məktəbi” idi. Xidmətini başa vurub Vətənə qayıtdıqdan sonra Bakıda işləməyə başladı.
“20 Yanvar faciəsi və Qarabağda baş verən hadisələr Ələkbərin dünyagörüşünə ciddi təsir göstərib, Vətənə bağlılığını və mübarizə əzmini daha da gücləndirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda qardaşım Vətənin müdafiəsində iştirak etmək qərarına gəldi. 1993-cü ildə Hərbi Komissarlığa iki dəfə müraciət etdi və könüllü olaraq cəbhəyə yollandı. 1993-cü ilin noyabrından 1994-cü ilin aprelinədək Ağdam rayonunun Baş Qərvənd, İlxıçılar, Güllücə və Tağıbəyli kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının xatirələrinə görə, o, xüsusi şücaət göstərib, yaralı və şəhid olan silahdaşlarının döyüş mövqelərindən çıxarılmasına dəfələrlə kömək edib.
Qardaşımın əsas amalı Vətənin müdafiəsi idi. Ələkbər üçün Vətən anlayışı hər şeydən üstün idi. O, 1994-cü il aprelin 24-də Ağdam rayonunun Tağıbəyli kəndində gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olub”, - deyə müsahibimiz bildirib. O vurğulayıb ki, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ailəsi üçün sevinc və qürur mənbəyi olub.
Şəhid Ələkbər Hacıyevin xatirəsi 2022-ci ildə Bakının Badamdar qəsəbəsində yenidən bərpa olunan “Səbail şəhidləri” abidə-kompleksində əbədiləşdirilib.
“Ələkbərin və onun timsalında bütün şəhidlərimizin xatirəsi qarşısında baş əyirəm. Onların Vətən uğrunda göstərdikləri fədakarlıq heç vaxt unudulmayacaq”, – deyə Səadət Hacıyeva bildirib.
Müxbir – Tünzalə Arazlı