“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası
Bakı, 27 sentyabr, AZƏRTAC
Vətən müharibəsində hərbi həkim kimi yaralıların həyatının xilas edilməsinə töhfə verən Ceyhun Əhmədxanovun ömrü 2021-ci il noyabrın 30-da baş verən helikopter qəzası ilə yarımçıq qaldı. Peşəsinə və Vətənə bağlılığı, müharibə zamanı göstərdiyi fədakarlıqla yadda qalan şəhid həkimin həyat yolu ailəsinin, dostlarının və həmkarlarının xatirələrində yaşamaqda davam edir.
Bu barədə AZƏRTAC-a açıqlamasında şəhid Ceyhun Əhmədxanovun anası Rəqiybə Seyidova deyib.
Ceyhun 1988-ci il oktyabrın 18-də Bakıda dünyaya gəlib. 288 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da təhsil alıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Fövqəladə Hallar Nazirliyində və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında hərbi həkim kimi fəaliyyət göstərib.
2020-ci ildə Vətən müharibəsində Ceyhun yaralılara tibbi yardım göstərib, onların həyatının xilas edilməsi üçün gecə-gündüz çalışıb.
Rəqiybə xanım oğlunun uşaqlıq illərini böyük sevgi ilə xatırlayır: “Ceyhun gözəl bir payız günü dünyaya gəlmişdi. Onu böyük sevgi ilə böyütmüşdük. Mənim üçün sadəcə övladım deyildi. Onun sevincinə sevinir, kədərinə kövrəlirdim. Uşaqlıqda birlikdə cizgi filmlərinə baxardıq. Böyüyəndə isə Van Dammın, Brüs Linin filmlərini izləyərdik. Film qurtarandan sonra mütləq müzakirə edərdik”.
Anasının sözlərinə görə, Ceyhun kiçik yaşlarından fəal, maraq dairəsi geniş və məqsədli uşaq olub. İdman yarışlarında iştirak edib, müxtəlif fəxri fərman və diplomlar qazanıb. Musiqiyə də marağı olub, qarmonda ifa etməyi sevib.
Anası oğlunun Vətən müharibəsi günlərində həkim kimi məsuliyyətini xüsusilə vurğulayıb: “İki ali məktəbdə təhsil aldı. Müxtəlif dövlət qurumlarında həkim kimi xidmət etdi. Müharibə başlayan gündən cəbhədə idi. Yaralıların həyatını xilas etmək üçün əlindən gələni edirdi. Onun üçün həkimlik sadəcə peşə deyildi”.
R.Seyidova müharibə günlərində oğlunun uzaqda olsa da, onu unutmadığını deyib: “Mən çox vaxt evdə tək qalırdım. Bilirdi ki, darıxıram. Boş patronlardan güldan düzəldib içinə çiçəklər qoyardı, şəklini çəkib mənə göndərərdi. Bununla məni sevindirmək istəyirdi. İndi o çiçəklərin özündən çox, onun göndərdiyi şəkillərinə həsrət qalmışam”.
Övladı ilə son söhbəti də ananın xatirəsində xüsusi yer tutur: “Hadisədən əvvəl mənimlə sağollaşmışdı. Sonuncu dəfə onunla danışan adamlardan biri yox, məhz mən olmuşam. Bunu düşündükcə həm qürur, həm də böyük bir boşluq hiss edirəm. Ceyhun həyatda ən çox güvəndiyim dostum idi”
Ceyhun Əhmədxanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Bu gün o, xatirələrdə ilk növbədə həkim, hərbçi, övlad və Vətənə bağlı insan kimi yaşayır.
Müxbir – Tünzalə Arazlı