Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur
İstanbul, 27 sentyabr, AZƏRTAC
Türkiyədə ölkənin birinci xanımı Əminə Ərdoğanın himayəsi ilə 2017-ci il sentyabrın 27-də başladılan “Sıfır Tullantı” hərəkatının 9-cu ili tamam olur.
AZƏRTAC xəbər verir ki, ətraf mühitin qorunması, təbii ehtiyatlardan səmərəli istifadə, israfın qarşısının alınması və iqlim dəyişikliyi ilə mübarizəni hədəfləyən təşəbbüs son 9 ildə Türkiyə sərhədlərini aşaraq qlobal ekoloji və davamlı inkişaf gündəminin bir hissəsinə çevrilib. BMT tərəfindən martın 30-nun Beynəlxalq Sıfır Tullantı Günü elan edilməsi və Əminə Ərdoğanın BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslərdən ibarət Məsləhət Şurasının sədri vəzifəsini üzərinə götürməsi hərəkatın beynəlxalq səviyyədə əhəmiyyətini daha da gücləndirib.
“Sıfır Tullantı” yanaşması yalnız tullantıların toplanması və təkrar emalı ilə məhdudlaşmır. Təşəbbüs israfın azaldılması, resurslardan səmərəli istifadə, davamlı istehsal və istehlak vərdişlərinin təşviqi, eləcə də gələcək nəsillər üçün yaşanabilən dünyanın qorunmasını nəzərdə tutur. Bu yanaşma hazırda iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə, resurs təhlükəsizliyi, qida israfı, su idarəçiliyi və dövri iqtisadiyyat kimi qlobal məsələləri vahid perspektivdə birləşdirən ekoloji dönüşüm modeli kimi təqdim olunur.