Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 27 sentyabr, AZƏRTAC
Misirin “əl-Dibluməsi” saytında Azərbaycanda dövlət səviyyəsində qeyd olunan Anım Gününə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, misirli araşdırmaçı Əhməd Abdoh Tarabikin müəllifi olduğu məqalədə 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsinin yaratdığı yeni reallıqlara diqqət çəkilir.
Yazıda qeyd olunur ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar nəticəsində Qarabağ və ətraf ərazilərdə bir sıra yaşayış məntəqələrini, o cümlədən Şuşa şəhərini azad edib.
Məqalədə, həmçinin Azərbaycanın müharibəyəqədərki dövrdə ordu quruculuğu və müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də uzun illər davam edən və nəticəsiz qalan sülh danışıqları xatırladılır.
Müəllif 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağda yeni mərhələnin başladığını, Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsindən sonra bölgədə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin həyata keçirildiyini qeyd edib. Şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun inkişafı və əhalinin doğma yurdlarına qayıdışı bu prosesin əsas istiqamətləri kimi göstərilir.
Məqalədə Azərbaycanın Ermənistanla sülh sazişinin əldə olunması, sərhədlərin delimitasiyası və regional nəqliyyat əlaqələrinin bərpası istiqamətində səyləri də diqqətə çatdırılır. Bu çərçivədə Zəngəzur dəhlizi və onun regional nəqliyyat əlaqələrinin inkişafındakı potensial rolu qeyd olunur.
Yazıda vurğulanır ki, Vətən müharibəsinin ildönümü Azərbaycan üçün yalnız tarixi hadisələrin xatırlanması deyil, həm də Qarabağda bərpa, regionda sülh və əməkdaşlıq, eləcə də davamlı inkişaf mərhələsinin qeyd olunması baxımından da əhəmiyyət daşıyır.