Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb
İstanbul, 27 sentyabr, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Qarabağ Şəhidlərini Anım və Mövsümün Açılış Proqramı” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiram və rəhmətlə yad edilib.
Mərasimdə çıxış edənlər İkinci Qarabağ müharibəsinə gedən yol və qazanılan şanlı Zəfər barədə danışıb, bu qələbənin Türk dünyası baxımından əhəmiyyətinə toxunublar.
Proqram çərçivəsində, həmçinin Eskişehir Azərbaycanlılar Cəmiyyətinin yeni fəaliyyət mövsümünün açılışı da keçirilib. Cəmiyyət yeni mövsümdə müxtəlif layihələrin həyata keçirilməsi və fəaliyyətlərin birlik-həmrəylik şəraitində davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Poqram çərçivəsində Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş olunub.