Sankt-Peterburqda Anım Gününun altıncı ildönümü qeyd olunub
Sankt-Peterburq, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunda 27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Rusiya Federasiyası Müdafiə Nazirliyinin Sankt-Peterburqdakı ali hərbi akademiyalarında və universitetlərində təhsil alan azərbaycanlı zabit və kursantlar, tələbələr, Azərbaycan icmasının nümayəndələri və baş konsulluğun diplomatları iştirak ediblər.
Əvvəlcə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə, Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun övladı Nəzrin Axundova, Azərbaycan Müdafiə Nazirliyinin tibb xidməti kapitanı Telman Qədirli, həmçinin 44 günlük Vətən müharibəsinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif edilmiş ehtiyatda olan kapitan İlkin Rüstəmov çıxış ediblər. Çıxışlarda bildirilib ki, altı il əvvəl Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq tarixi yazıb. 27 Sentyabr tarixinin və 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlət-xalq və ordu-xalq birliyinin təcəssümüdür.
Tədbirdə, həmçinin 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu diqqətə çatdırılıb. Azərbaycanın tarixi ədaləti bərpa etməklə yanaşı, regionda davamlı sülhün təmin olunması istiqamətində səylər göstərdiyi qeyd edilib. Bu xüsusda 2025-ci ildə Vaşinqtonda keçirilmiş sammit zamanı Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması və sülh sazişinin mətninin paraflanması barədə danışılıb.
Vətən müharibəsindən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə də məlumat verilib.
Sonda 27 Sentyabr - Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş film nümayiş etdirilib.