Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri
Tərtər, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də ölkənin bütün ərazisində olduğu kimi, Tərtərdə də şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri qoyublar. Şəhidlərin ruhuna dualar oxunub.
Sonra 27 Sentyabr-Anım Gününə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi zamanı canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilər üçün ehsan süfrəsi açılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva və başqaları çıxış dərək, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən və Vətən uğrunda canlarını qurban vermiş tərtərli qəhrəmanlardan söhbət açıblar.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Tərtərdə də şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Ağdam rayonunda anım mərasimi rayonun girişindəki Şəhidlər Abidə Kompleksinin önündə keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin, YAP Ağdam rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri düzərək onların əziz xatirəsini yad ediblər. Sonra Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib.
Mərasimdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 27 sentyabr 2020-ci il tarixində Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən bəhs edib.
Anım Günü ilə əlaqədar rayon ərazisindəki müxtəlif qəbiristanlıqlarda dəfn edilmiş şəhidlərin məzarları da ziyarət olunub, şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb. Anım Günü ilə əlaqədar Soltanpud təpəsi ətrafında ağacəkmə aksiyası keçirilib.
Müxbir - Tahir Ağaməmmədov