Tovuz və Qazaxda Anım Günü qeyd olunub
Tovuz, 27 sentyabr, AZƏRTAC
Tovuz və Qazax rayonlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbirlər keçirilib. Tovuz şəhərindəki Şəhidlər xiyabanında keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Vətən müharibəsində Tovuzdan olan hərbçilərin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, müharibə zamanı rayondan 68 nəfər şəhid olub. Tovuzun iki sakini – Orxan Cabbarov və Yaşar Əhmədov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Həmçinin çoxsaylı tovuzlu əsgər və zabitlərin dövlətin yüksək orden və medalları ilə təltif olunduğu qeyd edilib.
Tədbirin sonunda Şəhidlər xiyabanındakı abidə-kompleksi və əbədi məşəl önünə gül dəstələri qoyulub.
Qazax rayonunda da Anım Günü ilə əlaqədar tədbir keçirilib. Rayondakı Şəhidlər xiyabanında keçirilən mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi yad edilib. Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə qərənfillər düzüblər.
Müxbir - Ruslan Novruzoğlu