Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
Berlin, 27 sentyabr, AZƏRTAC
Almaniya paytaxtında 52-ci BMW Berlin Marafonu keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük marafonlarından biri olan bu yarışda 56 min 187 iştirakçı qeydiyyatdan keçib. Skeyt, əl velosipedi (handbike) və əlil arabası yarışlarının iştirakçıları ilə birlikdə həftəsonu tədbirlərinə qatılanların ümumi sayı 84 minə çatıb.
Marafonun beynəlxalq miqyası xüsusilə diqqət çəkib. Yarışda 162 ölkədən iştirakçı mübarizə aparıb. Ən böyük qrup 21 min 532 nəfərlə Almaniyadan olub. Marafona ABŞ-dən 7691, Böyük Britaniyadan 3264, Braziliyadan 1888 nəfər qeydiyyatdan keçib. Təkcə Berlindən 11 minə yaxın sakin marafona qatılıb. İştirakçılar arasında həmyerlimiz 67 yaşlı həkim Namiq Nadirov da olub. Yarış əsasən elit qaçışçıların iştirakı ilə start götürüb. Digər iştirakçılar isə mərhələli şəkildə yürüşə başlayıblar.
Marafonun qalibi efiopiyalı Quye Adola olub. O, yarışı 2 saat 2 dəqiqə 50 saniyəyə başa vurub. İkinci dəfə qalib gələn idmançı şəxsi rekordunu yeniləyərək Berlin Marafonunda 13-cü ən yaxşı nəticəni göstərib. Onun həmyerlisi Dida Diriba (2:03:19) ikinci, tanzaniyalı Cerald Geay üçüncü olub (2:03:59).
Qadınların yarışında ilk üç yeri efiopiyalı idmançılar tutublar. Assefa Tiqst (2:11:04) marafonun qızıl medalını qazanıb. Bedatu Hirpa (2:16:53) ikinci, Dera Dida (2:16:55) üçüncü olub.
Həmyerlimiz Namiq Nadirov AZƏRTAC-a müsahibəsində bundan əvvəl müxtəlif şəhərlərdə, o cümlədən Bakıda altı marafonda iştirak etdiyini bildirib. Berlin Marafonunun digər şəhərlərdəki yarışlardan fərqləndiyini vurğulayan N.Nadirov deyib: “Berlin Marafonunun üstünlüyü ondadır ki, burada həm iştirakçı çoxdur, həm də şəhərdəki ab-hava və insanların dəstəyi idmançıya çox yaxşı təsir edir. Burada öz şəxsi rekordumu təzələdim. Əvvəlki yarışlarda həmişə hansısa bir maneə enişlər, yoxuşlar və ya yağış olurdu. Berlində isə həm hava şəraiti, həm də marşrut çox uğurlu idi. Qırx iki kilometrlik məsafə boyunca tamaşaçıların fasiləsiz dəstəyi var idi”.
Yarışın keçirildiyi tarixin xüsusi məna kəsb etdiyini vurğulayan N.Nadirov 162 ölkə arasında Azərbaycanı təmsil etməkdən sonsuz qürur duyduğunu bildirib: “Bu, böyük qürur hissidir. Bu gün 27 Sentyabr - şəhidlərimizin Anım Günüdür. Bu tarix insana xüsusi məsuliyyət yükləyir. Dünyanın müxtəlif ölkələrindən gələn 60 minədək iştirakçı arasında bəlkə də mənim yaşımda tək azərbaycanlı idim. Finişə iki kilometr qalmış Azərbaycan Bayrağını başım üzərinə qaldıranda azarkeşlərin arasından həmyerlilərimizin “Azərbaycan, Azərbaycan” nidalarını eşidirdim. Ölkəmizi, xüsusilə belə anlamlı bir gündə şəxsi rekordla təmsil etmək mənim üçün əvəzsiz duyğudur”.
Altmış yeddi yaşlı həkim gənclərə həmişə idmanla məşğul olmağı tövsiyə etdiyini bildirərək deyib: “Qaçmaq çox asan idman növüdür və bunun üçün əlavə heç nə lazım deyil. Bir vaxtlar Bakıda qaçan insanlara az rast gəlmək olardı. Amma indi həyat dəyişib. Bakı bulvarında idmançılar qaçırlar. Bakı Marafon Klubu yaradılıb, Bakıda marafon yarışları keçirilir. Yəni idmana cavan yaşda başlamaq daha çox lazımdır. Düzdür, 60 yaşında başlamaq da gec deyil, lakin cavan yaşda başlayanda sağlamlıq, necə deyərlər, öz yerində qalır. Ümumiyyətlə, hər hansı idmanla məşğul olmaq çox faydalıdır. Çünki insanın xoşbəxtliyinin bünövrəsi onun cansağlığıdır. Xəstəliyi olan şəxs xoşbəxt ola bilməz. Mən də həmişə gənclərə sağlamlıqlarına fikir verməyi, idmanla məşğul olmağı tövsiyə edirəm”.
Qeyd edək ki, Berlin Marafonu təkcə 42,195 kilometrlik qaçışla məhdudlaşmayıb. Proqramda uşaqlar və yeniyetmələr üçün yarışlar da yer alıb. Təxminən 10 min gənc iştirakçının qatıldığı 4,2 kilometrlik minimarafonla yanaşı, 10 yaşadək uşaqlar üçün yarış da təşkil olunub.
Marafon berlinlilər tərəfindən böyük maraqla qarşılanıb. Təşkilatçı şirkətin məlumatına görə, paytaxt küçələrində marşrut boyu 1,2 milyon nəfər yarışı izləyib.