Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 27 Sentyabr –Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva Anım Gününün tarixi əhəmiyyəti, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılması barədə məruzə ilə çıxış edib.
Tədbirin bədii hissəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Fatimə Fərəcova (qanun), Əliəkbər Cəfərov (kamança) və Mirnofəl Həsənov (tar) musiqi nömrələri ilə çıxış ediblər. İfaçıların müəllimləri Aygül Qədirova və Gülarə Ramazanova, konsertmeysteri Rəna Zəkiyeva olub.
Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Tamerlan Mahmudovun və Turan Şərifovun əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Xalq artisti, pianoçu Murad Hüseynovun müəllifi olduğu, şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “İthaf” əsərinin videoyazısı təqdim olunub.