Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır
Paris, 28 sentyabr, AZƏRTAC
Fransada dövlət sektorunda çalışanların həmkarlar ittifaqlarının çağırışı ilə sentyabrın 29-da ölkə üzrə genişmiqyaslı tətil və etiraz aksiyaları keçiriləcək. Həmkarlar ittifaqları tərəfindən ölkə üzrə 155-dən çox nümayiş və toplantı elan olunub.
AZƏRTAC xəbər verir ki, müəllimlər, səhiyyə işçiləri, vergi xidmətinin əməkdaşları, bələdiyyə və regional qurumların işçiləri, eləcə də yanğınsöndürənlər əməkhaqlarının artırılması tələbi ilə aksiyaya qoşulmağa çağırılıblar. Əsas narazılıq yaradan məsələlərdən biri 2027-ci il büdcəsində dövlət qulluqçularının əməkhaqqının hesablanmasında istifadə olunan indeksin dondurulması planıdır.
Hökumətin 2027-ci il büdcəsi çərçivəsində 54 milyard avro qənaət nəzərdə tutması fonunda həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını tələb edir.
Ümumi Əmək Konfederasiyası bu qərarı kəskin tənqid edərək, geniş aksiya çağırışı edib.
“UNSA-Fonction Publique” həmkarlar ittifaqının baş katibi Lük Farre isə əməkhaqlarının artırılmamasının artıq qəbuledilməz olduğunu bildirib.
Tətilin ictimai nəqliyyata da təsir göstərəcəyi gözlənilir. Parisdə ictimai nəqliyyat şirkətinin həmkarlar ittifaqı sentyabrın 28-dən etibarən qeyri-müəyyən müddətli tətilə çağırıb. Tələblər arasında əməkdaşlar üçün 600 avroluq yanacaq müavinəti, növbəli iş rejiminə görə ödənişlərin artırılması və illik əməkhaqqı danışıqlarının yenidən başlanması yer alır.
Fransa Milli Dəmir Yolları Şirkətində (SNCF) isə “Sud Rail” həmkarlar ittifaqı sentyabrın 28-i saat 18:00-dan etibarən tətil çağırışı edib. Təşkilat əməkhaqqı danışıqlarının tezliklə bərpa olunmasını və şirkətin yarımillik 1,2 milyard avro mənfəətinin daha ədalətli bölüşdürülməsini tələb edir.