Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Anım Günü ilə əlaqədar “Azərxalça” ASC-nin Qazax, Qarabağ, İsmayıllı, Kürdəmir və Nardaran emalatxanalarında geniş tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən məlumat verilib.
Bildirilib ki, görüşlərdə emalatxanaların toxucuları və digər əməkdaşları ilə yanaşı, “Azərxalça” ASC-də çalışan müharibə iştirakçıları, onların yaxın qohumları və şəhid ailələrinin nümayəndələri də iştirak ediblər.
Tədbirlərdə Vətən müharibəsinin Azərbaycanın şanlı tarixinin mühüm səhifələrindən biri olduğu, şəhidlərimiz və qazilərimizin isə xalqımızın qürur mənbəyi olduğu vurğulanıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, arxa cəbhədə çalışan mülki insanların, bütövlükdə xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması və çoxsaylı müharibə cinayətləri xalqımızın Qələbə əzmini sarsıda bilməyib. Tədbirlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinə daim yüksək ehtiram göstərdiyi, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərin müalicəsi və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxladığı vurğulanıb.
Həmçinin “Azərxalça” ASC-nin İdarə Heyətinin üzvləri və kollektivi Zəfər parkını ziyarət edib. Ziyarət zamanı Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.