Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen enerji qiymətlərinin artması fonunda ittifaqa üzv dövlətləri təbii qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Dan Yorgensen üzv dövlətlərin enerji nazirlərinə məktub göndərib, ölkələri təbii qaz və elektrik enerjisinə tələbatı azaltmaq üçün tədbirlər görməyə səsləyib.
Qlobal təklifin məhdud olması və dəyişkən qiymətlər şəraitində tələbatın azaldılmasının qiymətlərin idarə olunmasına kömək edəcəyini bildirən D.Yorgensen deyib: "Biz təchizat böhranı ilə əlaqəli qiymət böhranı ilə üzləşirik".
Avrokomissar könüllü və yaxşı planlaşdırılmış tələbat azaltma tədbirlərinin 2022-ci il enerji böhranı zamanı faydalı olduğunu xatırladıb və bu təcrübədən əldə edilən dərslər mövcud vəziyyətdə də istifadəsinin vacibliyini qeyd edib.
O, Aİ-də qaz anbarlarının ehtiyatlarının olduqca az olduğunu xatırladaraq hazırda təhlükəsizliyin təmin edilməsi üçün heç bir ani risk olmadığını da bildirib.
Qeyd edək ki, Avropadakı qaz anbarlarının doluluq nisbəti hazırda təxminən 70 faizdir. Aİ qışa hazırlıq məqsədilə noyabr ayının əvvəlinə qədər anbarları 80 faizə qədər doldurmağı planlaşdırır.
Niderlandın TTF habında təbii qazın qiyməti ABŞ və İran müharibəsinin başladığı fevralın 28-dən əvvəl meqavat/saat üçün təxminən 30 avro idi. Hazırda Avropa bazarlarında təbii qazın qiyməti meqavat/saat üçün təxminən 72 avrodur.
Avropa bazarlarında narahatlıqlar var ki, Körfəzdən gələn mayeləşdirilmiş təbii qazın (LNG) miqdarı artmazsa və ya Norveçdə aparılan təmir işləri səbəbindən ixrac məhdudiyyətləri uzadılarsa, qış mövsümünün pik dövründə qiymətlər meqavat/saat üçün 100 avrodan yuxarı qalxa bilər.